"Ümid və dəyişiklik daimidir, gəlin, birıikdə yenidən başlayaq..."
Suriyanın sabiq prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd ona məxsus olduğu ehtimal edilən "X" platformasında bir sıra paylaşımlar edib. Bu, Əsəd rejiminin dekabrda süqutundan sonra onun ilk ictimai açıqlaması olub.
Moderator.az xəbər verir ki, bu barədə "AI-Monitor" nəşri yazıb.
Məlumatda deyilir ki, Əsma Əsəd siyasi məsələlərdə "həmişə sükuta sadiq qaldığını" və gələcəkdə siyasətdən kənarda qalmaq niyyətində olduğunu bildirib. O, digər paylaşımında yazıb: "Sükut dövründən sonra yenidən başlamağın vaxtıdır. Ümid və dəyişiklik daimidir, gəlin, birlikdə başlayaq".
Əsma Əsədin hesabının həqiqiliyi sual altındadır, eyni zamanda daha öncə qaydaları pozduğuna görə "X" platforması tərəfindən bloklanmış oğlu Hafizin hesabının da etibarlılığı mübahisəlidir.
Bloklanmazdan öncə Hafiz ailəsinin dekabrın 8-də üsyançılar şəhəri ələ keçirməzdən öncə Dəməşqdə keçirdiyi son günləri təsvir edən paylaşımlar edib. O, iddia edib ki, ailə Suriyanı tərk etməyi planlaşdırmayıb, lakin üsyançıların yaratdığı təhlükə səbəbilə Rusiya hərbçiləri tərəfindən təxliyə olunub.
Bu bəyanatlar guya Bəşər Əsəd tərəfindən dekabrın 16-da "Telegram"-da yayımlandığı iddia edilən daha əvvəlki paylaşım ilə səsləşir. Həmin paylaşımda bildirilib ki, Latakiyadakı aviabazaya pilotsuz uçuş aparatları ilə edilən hücumlardan sonra Moskvanın əmri ilə Rusiya hərbçiləri təxliyəni təşkil edib.
Əsəd ailəsinin Rusiyaya qaçışından sonra Əsma ilə Bəşər arasında münasibətlərin pozulduğuna dair şayiələr yayılıb. Dekabrın sonunda Əsmanın boşanma üçün müraciət etdiyi haqda xəbərlər üzə çıxsa da, Kreml bu iddiaları təkzib edib.
Əsəd ailəsinin başçılıq etdiyi Suriya rejimi 1971-ci ildən hakimiyyətdə olub. 2011-ci ildə ölkədə etirazlar başlayaraq uzun illər davam edən vətəndaş müharibəsinə çevrilib.
Rusiyanın dəstəyinə baxmayaraq, Bəşər Əsəd rejimi 2024-cü ilin dekabrında üsyançılar Dəməşqə daxil olduqdan sonra süqut edib. Əsəd ailəsi ölkədən qaçdıqdan sonra Moskva ona sığınacaq verib, lakin ailənin gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır.