Dünya
556
18 Feb 2025 | 18:14

"Avropa İttifaqı Ukraynaya 700 milyard avroluq yardım paketi təqdim edəcək" - Annalena Berbok

"Ukraynada sülh yalnız güc yolu ilə gələcək..."
 
Avropa İttifaqı Ukrayna üçün hərbi texnika alınmasına yönəlmiş 700 milyard avro məbləğində yardım paketi hazırlayır.
 
Moderator.az xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Annalena Berbok "Berliner Zeitung" nəşrinə bəyan edib.
 
"Biz daha əvvəllər belə miqyasda olmayan böyük bir paketi işə salacağıq", - Berbok Münhen görüşü çərçivəsində bəyan edib.
 
Milyardlarla avro dəyərində yeni yardım paketi COVID-19 pandemiyası zamanı tətbiq olunan birgə borclanma mexanizmi vasitəsilə maliyyələşdirilə bilər.
 
"Avro və ya pandemiya böhranı zamanı olduğu kimi, indi Avropada təhlükəsizliyi təmin etmək üçün maliyyə paketi mövcuddur. Bu, yaxın gələcəkdə baş verəcək", - diplomat izah edib.
 
O, vurğulayıb ki, Ukraynada sülh yalnız güc yolu ilə mümkün olacaq: "Bu məqsədlə Ukrayna üçün sərt və uzunmüddətli təhlükəsizlik zəmanətləri, güclü NATO bloku və Ukraynanın Avropa İttifaqına üzvlüyü üzrə danışıqlarda irəliləyiş lazımdır", - nazir vurğulayıb. 
 
"Biz, avropalılar və almanlar olaraq hərbi, humanitar və maliyyə dəstəyi göstərərək Ukraynanın yanındayıq. Rusiya işğalı başlayandan bəri biz, avropalılar, ümumilikdə Ukraynaya 134 milyard avrodan çox yardım etmişik, təkcə Almaniya isə təxminən 44 milyard avro ayırıb", - Berbok qeyd edib.
 
Xatırladaq ki, Almaniyada fevralın 23-də seçkilər keçiriləcək. Seçkilərdə ən çox dəstəyi- 29 faizi Xristian Demokratlar və Xristian Sosial İttifaqı alyansı toplaya bilər. Alyansa Fridrix Mers rəhbərlik edir.
 
İkinci yerdə 21 faizlə ifrat sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyası qərarlaşıb. Üçlüyə 16 faizlə Olaf Şoltsun rəhbərlik etdiyi Sosial Demokrat Partiyası tamamlayır. Yaşıllar Partiyası isə 16%-lə dördüncü sıradadır.
 
Ukraynaya yardım – son xəbərlər
 
Bundan öncə prezident Vladimir Zelenski bildirib ki, ABŞ-ın dəstəyi olmadan Ukraynanın müharibə şəraitində sağ qalma şansı azdır.
 
"Yəqin ki, bu, çox çətin olacaq. Və əlbəttə ki, hər çətin vəziyyətdə bir şans var. Ancaq ABŞ-ın dəstəyi olmadan sağ qalmaq üçün çox az şansımız olacaq", - o, vurğulayıb.
Link kopyalandı!
Son xəbərlər