“Hazırkı vəziyyətdə bütün dünya birliyi, o cümlədən xristian cəmiyyəti, fələstinlilərin yaşadığı bu dəhşətli humanitar böhran qarşısında susursa, bu, beynəlxalq qanunların artıq işləmədiyini göstərir. İnsanların kütləvi şəkildə hüquqlarının pozulmasına hər kəs göz yumur və onların taleyi ilə bağlı heç bir dövlət, qurum və ya təşkilat aydın mövqe ortaya qoymur. Bu gərgin vəziyyətdə Türkiyənin Qəzzanı müvəqqəti idarə etməsi fikri ortaya çıxıb. Necə ki, hazırda Türkiyə Suriyanın müəyyən bölgələrini idarə edir, Qəzzanı da öz nəzarətinə götürə bilər”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, Türkiyənin Fələstində böyük tarixi hüquqları var, çünki bura vaxtilə Osmanlı imperiyasının tərkibində olub:
“Lakin ABŞ və İsrail buna qəti şəkildə razı olmayacaq. Onsuz da Türkiyə ilə İsrail arasında münasibətlər gərgindir. Bəzi məlumatlara görə, İsrail-Türkiyə arasında iqtisadi əlaqələr artsa da, Suriyada iki ölkə faktiki olaraq yerüstü sərhəddə üz-üzə dayanıb. İsrailin Suriya ərazisini daha da işğal edib-etməyəcəyi və bunun nə qədər davam edəcəyi ayrıca müzakirə mövzusudur. Hazırkı durumda isə bölgədə yeni gərginlik ocaqlarının yaranması mümkündür. Həm Ankara, həm də Təl-Əviv bir-birini rəqib kimi görür. Düşünürəm ki, nə Tramp, nə də İsrail dövləti Türkiyənin bu məsələdə iştirakına imkan verməyəcək. Onlar üçün bu, prinsipial məsələdir”.
Politoloq xatırladıb ki, Trampın fələstinlilərin başqa ölkələrə köçürülməsi planı və ideyası olduqca utopik görünür. Təbii ki, Trampın hansı addımı atacağını əvvəlcədən proqnozlaşdırmaq çətindir. İordaniya və Misir isə fələstinliləri qəbul etmək istəmirlər:
“Çünki onların bu ölkələrə köçü ağır humanitar və sosial problemlər yaradacaq. Əgər bu insanların etnik təmizləmə nəticəsində yerlərini dəyişdiyi təsdiqlənsə, bu, həm onların problemlərini gündəmə gətirəcək, həm də bu məsələ daim müzakirə mövzusu olaraq qalacaq. Nəticədə, Misir və İordaniya hakimiyyətləri fələstinlilərin tələblərinə cavab vermək məcburiyyətində qalacaqlar. Bundan əlavə, Ərəb dünyası və İslam Birliyi Trampın planını kəskin şəkildə tənqid edərək, onun yolverilməz olduğunu bildirirlər. XXI əsrdə insanların taleyinə bu cür ciddi və kobud müdaxilənin qəbulolunmazdır. Fələstinlilərin doğulduqları torpaqlarda yaşamaq hüquqları var və onların dövlət yaratmaq haqqı var. Vəziyyət doğrudan da çıxılmazdır və İsrail faktiki olaraq soyqırım siyasətini həyata keçirir. Bu gün bütün şəhərlərin yerlə yeksan edildiyini görürük. Kim nə qədər iddia etsə də ki, 7 oktyabr hadisələrinin günahkarı fələstinlilərdir, reallıq çox daha mürəkkəb və fərqlidir, burada təkcə fələstinlilərin günahı yoxdur. İsrailin daxilindəki hərbi-siyasi dairələrin də bu prosesdə rolu olub. Çünki məlumdur ki, hücum baş verən zaman bütün elektron və xəbərdaretmə sistemləri dayandırılmış, yəni fəaliyyətdən çıxarılmışdı. Bu isə daxildə bu prosesə rəvac verən qüvvələrin olduğunu göstərir. Bu, başqa bir məsələdir, çünki bu hadisələrin kimlərin oyunu olduğu və hansı məqsədlər güdüldüyü yalnız sabit və aram bir şərait formalaşdıqdan sonra araşdırıla bilər. Ancaq hazırda vəziyyət olduqca ağırdır. Şəhərlər xarabalığa çevrilib, bölgədə böyük humanitar böhran yaşanır. İnsanların yaşayış yeri yoxdur, qida tapmaqda çətinlik çəkirlər, hətta yerə bitən otla qidalanmağa məcbur qalırlar. Bununla yanaşı, İsrail humanitar yardımların bölgəyə çatdırılmasına mane olur və fiziki cəhətdən fələstinliləri sıxışdırır”.
Politoloq vurğulayıb ki, Tramp adminstrasiyası ərəb dövlətlərinə təzyiqləri artıracaq ki, fələstinlilər Afrika ölkələrindən birinə köç variantını qəbul etsinlər, ya da fələstinliləri öz ərazilərinə qəbul etsinlər:
“Amma bu proses açıq-aşkar zorakı etnik təmizləməyə çevrilir. Əgər fələstinlilər öz razılığı olmadan bu bölgədən çıxarılmağa məcbur edilsələr, bu, bölgədə və bütün İslam dünyasında böyük etiraza səbəb olacaq. Həmçinin Almaniyada, Fransada, digər Avropa ölkələrində və hətta ABŞ şəhərlərində genişmiqyaslı etiraz dalğaları yarana bilər. Bundan sonra hansı kataklizmlərin baş verəcəyi müəmmalıdır. XXI əsrdə belə bir məcburi köçürmə siyasətinə üstünlük verilməsi olduqca təhlükəlidir. Artıq dörd-beş nəsildir ki, fələstinlilər ağır sınaqlardan keçir və bu, insanlara qarşı yolverilməz eksperiment kimi görünür. Onların doğma torpaqlarından zorla çıxarılması, orada yaşamaq və yaratmaq imkanlarının əlindən alınması beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır. İsrail isə yaranan bütün problemləri silah gücünə həll etməyə çalışır ki, bu da vəziyyəti daha da dərinləşdirir. Bu dolaşıq məsələ ətrafında gec-tez bir konsensus formalaşmalıdır”.
Mehin Mehmanqızı