Bizi sosial şəbəkələrdən izləyin:
Fevralın 14-də Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan arasında videoformat çərçivəsində keçirilən danışıqlar ictimaiyyətdə diqqət çəkib.
Danışıqlar zamanı iki ölkə arasında dövlət sərhədinin delimitasiyasının davam etdirilməsi razılaşdırılıb. Budəfəki prosesin Gürcüstandan İrana qədər aparılmasına qərar verilməsi isə Zəngəzur dəhlizinin açılacağına dair müzakirələri gücləndirib. Maraqlıdır ki, digər tərəfdən Ermənistanın kütləvi şəkildə silah aldığı, sərhəddə mövqelərini gücləndirdiyi və bununla da növbəti müharibəyə hazırlaşdığına dair məlumatlar yayılır. Paralel olaraq isə Baş nazir Nikol Paşinyan hökumətinin Bakının şərtləri ilə dəhlizin açılmasına şərait yaradacağı iddia olunur.
İki ölkə arasındakı sülh danışıqlarında vəziyyət nə yerdədir? Mövcud gedişata uyğun olaraq dəhlizin yaxın zamanda açılması nə dərəcədə real görünür?
Bunu siyasi şərhçi Asif Nərimanlı deyib ki, Ermənistan üçün yeganə xilas yolu regional kommunikasiyanın açılmasıdır və İrəvan da Azərbaycandan Naxçıvana maneəsiz keçidin verilməsinin qaçılmaz olduğunu anlayır:
“Sadəcə Ermənistan hakimiyyəti bu məsələdə öz maraqlarını müəyyən qədər də olsa təmin edə biləcəyi variantları qəbul etdirməyə çalışır. Məsələn, Mehridən keçəcək yoldan istifadə zamanı Azərbaycana gömrük rüsumlarında güzəşt edilməsi, təhlükəsizliyin onlayn qaydada təmin olunması və s. kimi təkliflər irəli sürür. Bütün bunların heç biri rəsmi Bakı üçün məqbul deyil. Fikrimcə, Ermənistanın hərbi arsenalını gücləndirməsi, müharibə, hazırlığ haqda yayılan məlumatlar da bundan qayanaqlanır”.
Ekspertin sözlərin sözlərinə görə, İrəvanın burada iki mümkün hədəfinin olduğu ehtimalı var:
“Birincisi, təxribat hücumları ilə regionda eskalasiya yaratmaq və Bakı-İrəvan xəttindəki mövcud gündəliyi arxa plana keçirməkdir. Bununla danışıqların növbəti mərhələsində Zəngəzur dəhlizi də daxil Azərbaycanın tələblərinin olmadığı, yaxud korrekt edilmiş formada yer aldığı yeni gündəliyi formlaşdırmaq istəyirlər.
İkincisi, yeni təxribatlarla eskalasiyanı körükləməyə çalışan Paşinyan hakimiyyəti, beləliklə erməni ictimai rəyini formalaşdırmaq istəyə bilər. Çünki bu və ya digər formada regional kommunikasiyanın açılmasına çalışırlar və yekunda Azərbaycana güzəşt etməli olacaqlarını bilirlər. Lakin belə bir situsiya erməni ictimai rəyində hakimiyyətə qarşı qəzəbə səbəb olacaq. Mümkün eskalasiya isə müharibə təhlükəsini artırır və bu halda Paşinyan hakimiyyəti “razılaşmasaq, yeni müharibə başlayacaq” arqumenti ilə ictimai rəydəki narazılıqları neytrallaşdıra bilər”.