“Azərbaycanın mülki təyyarəsinin vurulmasından sonra rəsmi Bakının haqlı tələblərini qəbul edərək müvafiq addımlar atmaq əvəzinə Rusiyanın anti-Azərbaycan kampaniyasına start verməsi ilə gərginləşən münasibətlər fonunda bu ölkədən azərbaycanlıların qovulması, diaspor üzvlərinin həbs edilməsi, iş adamlarının bizneslərinin əlindən alınması kimi absurd çağırışlara şahidlik edirik”.
Bu fikirləri Globalinfo.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, həmin kampaniyanın arxasında Kreml dayanır:
“Hakimiyyətin media qurumlarının anti-Azərbaycan kampaniyasında fəal iştirakı, Rusiyanın hakim partiyasının deputatlarının çağırışları bunun bariz sübutudur. Rusiyada zaman-zaman öz ərazisində yaşayan, işləyən ayrı-ayrı millətlərin nümayəndələrinə qarşı müvafiq addımların atılması halları olub. Başqa sözlə desək, Rusiyanın bundan ayrı-ayrı ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə etməsi ilk dəfə deyil ki, baş verir.
Hazırda Rusiyanın Azərbaycan qarşı təzyiq rıçaqları elə də çox deyil. İndiki halda ayrı-ayrı kənd təsərrüfatı mallarımızın Rusiya bazarlarına çıxışını əngəlləmək və soydaşlarımızın Rusiya ərazisindən çıxarılması və bizneslərinə hücumlardan başqa edə biləcəyi elə də çox şey yoxdur.
Düzdür, Rusiyada ayrı-ayrı qruplar Qarabağ ermənilərinin hüquqları adı altında yeni kampaniyaya başlamaq, hətta Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycandan yan keçməklə həyata keçirilməsi kimi təkliflərlə də çıxış edirlər. Amma indiki halda bu təkliflərn perspektivi olmadığı üçün əsas hədəf olaraq yuxarıda sadaladığım istiqamətlər seçilib”.
Politoloq “Rusiya bu addımları atıb, münasibətləri düşmənçilik səviyyəsinə qaldırmaq istəyəcəkmi” sualına isə belə cavab verib:
“Açığı, bunu düşünmürəm. Çünki bu, Rusiya tərəfindən öz ayağına güllə vurmaq olar. Belə ki, keçən il ərzində Azərbaycan məhsullarının Rusiya Federasiyasına ixracı əvvəlki illə müqayisədə 1,5% azalaraq 1,178 milyard dollar, Azərbaycan tərəfindən Rusiya məhsullarının idxalı isə 14,5% artaraq 3,621 milyard dollar olub. Yəni qarşılıqlı ticari münasibətlərdə ortaya çıxa biləcək hər hansı problem zamanı daha çox itirən Rusiya olacaq. Çünki biz Rusiyadan daha çox məhsul idxal edirik və bununla da Rusiyanın dövlət büdcəsinə daha çox fayda vermiş oluruq. İkincisi, Rusiyaya ixrac etdiyimiz 1,178 milyard dollar dəyərində məhsulların 1,162 milyard dolları məhz qeyri-neft məhsulları təşkil edir. Bu məhsullarla bağlı hər hansı qadağa Rusiya bazarlarında kənd təsərrüfatı məhsullarında bahalaşmaya səbəb ola bilər.
Soydaşlarımızın Rusiyadan çıxarılması ilə bağlı məsələ də onun kimi. Bu gün soydaşlarımız, Rusiyada əsasən ticarət, xidmət və tikinti sektorunda çalışırlar. Belə demək mümkünsə, ucuz işçi qüvvəsi rolunu oynayırlar. Xüsusən də böyük şəhərlərdə yaşayan rusların bu sahələrdə işləmək arzuları və özü də az qazancla işləmək niyyətləri heç bir zaman olmayıb. İndi soydaşlarımızın kütləvi sürətdə çıxarılması baş verərsə bu boşluğu Rusiyanın kimin vasitəsilə dolduracağı böyük sual altındadır. Çünki Rusiyada ucuz işçi qüvvəsi qismində çıxış edən Orta Asiya respublikalarından olanlara münasibət də ortadadır.
Odur ki, münasibətlərdə gərginliyin pik həddə çatmasından biz nə qədər itirsək də, daha çox itirən məhz Rusiya olacaq. Onsuz da dünyadan demək olar ki, təcrid olunmuş Rusiyanın Azərbaycanla da münasibətləri korlaması ağılsızlıqdan başqa bir şey deyil. Əgər bu kampaniyanın məqsədi Azərbaycanın öz tələblərindən geri çəkilməsinə hesablanıbsa bu da mümkün deyil. Və bunu Rusiya tərəfi nə qədər tez dərk etsə bir o qədər yaxşı olar”.