ABŞ hökumətinin səmərəliliyinin artırılması üzrə qurumun (DOGE) rəhbəri İlon Mask sosial təminat sisteminin məlumat bazasında 120-369 yaş arasında milyonlarla şəxsin olmasına diqqət çəkib.
O, bununla bağlı "X" sosial şəbəkəsində paylaşım edib.
"Sosial təminat xidmətinin məlumat bazasına əsasən, burada "ölüm" qrafasında adlarının qarşısında xəttin çəkildiyi hər yaş qrupundakı insanların sayı göstərilir. Ola bilsin ki, "Alatoranlıq" (vampirlər haqqında film) realdır və sosial təminat alan çoxlu sayda vampir var", - İ.Mask yazıb.
Təqdim olunan cədvəldə göstərilir ki, sosial təminat sistemində 240-369 yaş arası iki nəfər, 200-229 yaş arası təxminən 3 min nəfər, həmçinin 120-199 yaş arası təxminən 8,9 milyon nəfər rəsmən sağ kimi qeyd edilib.
DOGE-nin "X"-dəki rəsmi hesabı İ.Maskın paylaşımına münasibət bildirərək bu məsələni nəzərdən keçirəcəyini diqqətə çatdırıb.