Trampın administrasiyası nüvə təhlükəsizliyinə cavabdeh olan əməkdaşları işdən çıxardı
Dünya
753
12:44, Bu gün

Trampın administrasiyası nüvə təhlükəsizliyinə cavabdeh olan əməkdaşları işdən çıxardı

ABŞ Prezidenti Donald Trampın administrasiyasının məmurları Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) əməkdaşlarını işdən çıxarıblar. Bu agentlik ölkənin nüvə ehtiyatının idarə olunmasına cavabdehlik daşıyır.
 
Bu barədə CNN məlumat verib.
 
Məlumata görə, işdən çıxarılmalar Energetika Nazirliyində aparılan islahatlar çərçivəsində baş tutub. 300-dən çox işçi vəzifəsindən azad edilib. Bununla belə, ABŞ Energetika Nazirliyinin nümayəndəsi bu rəqəmi təkzib edib və 50-dən az adamın ixtisar edildiyini, onların da, əsasən, inzibati və kargüzarlıq vəzifələrində işləyənlər olduğunu bildirib.
 
İşçilər arasında nüvə silahı istehsal olunan obyektlərdə çalışanlar da olub. Onlar, əsasən, nüvə silahı istehsal edən podratçılara nəzarət edir, həmçinin silahların təftişini aparırlar. İşdən çıxarılanlar arasında podratçılar üçün tələblər və təlimatlar yazan qərargah işçiləri də var.
 
Mənbələrin CNN-ə bildirdiyinə görə, məmurlar, deyəsən, agentliyin ABŞ-nin nüvə silahlarına nəzarət etdiyindən xəbərsiz olublar.
 
"İnsanlar ona görə işdən çıxarılıblar ki, heç kim bizim nə ilə məşğul olduğumuzu və gördüyümüz işin ölkənin milli təhlükəsizliyi üçün nə qədər əhəmiyyət kəsb etdiyini başa düşməyə vaxt ayırmayıb", - deyə mənbə qeyd edib.
 
Öz növbəsində ABŞ Konqresinin üzvləri ixtisarla bağlı narahatlıqlarını Energetika Nazirliyinin diqqətinə çatdırıblar. Senatorlar energetika naziri Kris Raytın qəbulunda olub və ölkə üzrə obyektlərdə 1 800 işçisi olan NNSA-da ixtisarlarla bağlı narahatlıqlarını ifadə ediblər.
Link kopyalandı!
Son xəbərlər