Dünya
701
13 Feb 2025 | 21:02

"Planetimizin mərkəzində müəmmalı hadisələr baş verir: alimlər qorxunc fenomen aşkar edib

"Adətən, daxili nüvənin sferik olduğu düşünülür, əslində isə onun kənarları bəzi yerlərdə 100 metr dəyişə bilər..."
 
Cənubi Kaliforniya Universitetinin alimlər qrupu daha öncə Yer kürəsinin daxili nüvəsinin fırlanma istiqamətini dəyişdiyini müəyyən etdikdən sonra indi onun formasında da dəyişikliklərin baş verdiyini bildirir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Nature Geoscience" jurnalı yazıb. Məlumatı "berliner-telegraph.de" nəşri yayıb.
 
Mütəxəssislər bu nəticəyə zəlzələ dalğalarını analiz edərək gəlib. Bu kəşf tədqiqat qrupunun rəhbəri Con Videyl tərəfindən inanılmaz adlandırılıb.
 
Geofiziklər zəlzələ dalğalarının Cənubi Atlantik okeanında yerləşən Cənubi Sendviç adalarından planetin digər tərəfində, Alyaska və Kanadadakı seysmometrlərə qədər necə hərəkət etdiyini öyrəniblər.
 
Dalğaların və ya bəzi seysmik siqnalların forması 2004-2008-ci illər arasında dəyişib. Alimlərin fikrincə, bu, Yer kürəsinin daxili nüvəsinin deformasiya olunmuş səthindən əks olunduğuna görə baş verib.
 
Professor Videylin sözlərinə görə, adətən, daxili nüvənin sferik olduğu düşünülür, lakin əslində onun kənarları bəzi yerlərdə 100 metr və daha çox yüksələ və ya enə bilər.
 
"Biz müəyyən etdik ki, daxili nüvənin səthinə yaxın qat struktur dəyişikliyinə məruz qalır," - alim vurğulayıb.
 
Alimlər hələlik daxili nüvənin yalnız bir hissəsində deformasiyaya dair izlər aşkar edib, lakin tədqiqatçılar başqa yerlərdə də oxşar dəyişikliklərin ola biləcəyini düşünür.
 
Daxili nüvə diametri təxminən 1220 kilometr olan və temperaturu 5000 dərəcədən yüksək olan isti, sərt metal kürədir və onu maye xarici nüvə əhatə edir.
 
Nüvə haqqında çox az məlumat var, bütün biliklər dolayı geofiziki və ya geokimyəvi metodlarla əldə edilib. Buna görə də Yer kürəsinin dərin qatlarında gedən proseslərin hansı təhlükələr doğura biləcəyi hələlik məlum deyil və bu, qorxuludur.
 
Bununla belə, alimlər hesab edirlər ki, nüvənin formasında baş verən dəyişikliklər Yerin dərinliklərində fəaliyyət göstərən və planetimizi Günəş tufanlarından və öldürücü radiasiyadan qoruyan maqnit sahəsini qidalandıran qüvvələrin açarını verə bilər.
Link kopyalandı!
Son xəbərlər