USAID-dən sonra Soros Fondu da bağlana bilər?
Dünya
551
17:27, Bu gün

USAID-dən sonra Soros Fondu da bağlana bilər?

Donald Tramp hakimiyyətə gələndən sonra həyata keçirdiyi islahatlardan biri də xarici siyasətdə maliyyə mexanizmlərinin azaldılmasıdır. Bu istiqamətdə Tramp administrasiyasının atdığı addımlardan biri də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) müstəqil statusunun ləğv edilməsi və onun Dövlət Departamentinin strukturuna inteqrasiyasının mümkünlüyünü nəzərdən keçirməkdir. Bu addım gerçəkləşsə, beynəlxalq yardımla bağlı proqramların idarəolunmasında agentliyin muxtariyyəti azalmış olacaq.
 
Lakin Qərbin müxtlif ölkələrdə həyata keçirdiyi təsir və təzyiq siyasətinin əsas maliyyə qaynağı olan yalnız USAID deyil, digər qeyri-hökumət təşkilatları (QHT), vətəndaş cəmiyyəti institutları da var ki, onların da xoşagəlməz əməllərinin ifşa edilməsi, fəaliyyətlərindəki təhlükəli məqamların dünya ictimaiyyətinə çatdırılması zərurətə çevrilib. Bu qurumlardan biri də 1984-cü ildə biznes maqnatı Corc Soros tərəfindən yaradılan Fonddur. Həmin ildə Corc Soros öz fondu ilə Macarıstan Elmlər Akademiyası arasında Soros Fondunun Budapeştdə təsis sənədi haqqında müqavilə imzalayıb. Bunun ardınca Şərq Blokunda ölkələrin real sosializmdən uzaqlaşmasına kömək etmək üçün regionda daha bir neçə fond yaradılıb. Soros 2010-cu ildə dünya ölkələrində vətəndaş cəmiyyəti qrupları üçün xeyriyyəçi rolunu daha yaxşı əks etdirmək adı ilə Açıq Cəmiyyət İnstitutları (OSF) adından istifadə etməyə başlayıb. 2017-ci ildə Soros Fonda 18 milyard dollar köçürüb. 2020-ci ildə Soros Açıq Cəmiyyət Universitetləri Şəbəkəsini yaratdığını və şəbəkəyə bir milyard dollar sərmayə qoyduğunu elan edib.
Soros fondları müxtəlif ölkələrdə demokratiya, insan haqları və açıq cəmiyyət prinsipləri adı altında ölkələrin daxili işlərinə qarışır və bununla da özünə müti olan şəxslərin hakimiyyətlərə inteqrasiyasına çalışır. Bu isə təbii olaraq dövlətlərin milli suverenliyinə təhdid yaradır, ölkələrdə ciddi qarşıdurmalara səbəb olur. Buna nümunə olaraq keçmişdə baş verən və ölkələrin hələ də təsirindən çıxa bilmədiyi rəngli inqilabları göstərmək olar. Məsələn, 2003-cü ildə Gürcüstanda baş verən "Qızılgül İnqilabı"ndan sonra Gürcüstan itirdiyi əraziləri hələ də geri qaytara bilməyib. Məhz həmin prosesdən sonra ölkə Rusiya və Qərb arasında açıq cəbhəyə çevrildi və bu gün də Gürcüstanda davam edən ixtişalar bu qarşıdurmanın hələ də davam etdiyini göstərir.
Ukraynada 2004-cü ildə baş verən "Narıncı İnqilab" da analoji nəticə ilə yadda qaldı. İnqilabın nəticəsi bu gün iki ildən çoxdur ki, davam edən və Ukraynanın ərazi bütövlüyünün itirilməsi ilə nəticələn müharibə ilə yadda qalıb.
Ümumiyyətlə, 2000-ci illərdən strat verilən, postsovet məkanı və Balkan yarımadasından başlayıb Yaxın Şərqə qədər uzanan, xaos və fəlakətlərə səbəb olan rəngli inqilabların siyahısını biraz da uzatmaq olar. Buna nümunə kimi, istər 2005-ci ildə İraqda "Bənövşəyi inqilab", həmin il Qırğızıtanda baş verən "Zanbaq inqilabı", 2010-ci ildə Tunisdə başlayan və etiraz dalğası sonralar "Ərəb baharı" adı ilə bütün Yaxın Şərqi bürüyən "Yasəmən inqilabı", istərəsə də 2018-ci ildə Ermənistanda başlayan və Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə nəticələnən "Məxməri inqilab"ı göstərmək olar.
 
O Paşinyan ki, bu gün himayəsində olduğu Qərb ölkələri və təsisatlarını Ermənistana gətirməklə Cənubi Qafqazın təhlükəsizliyini risk altında qoyub. Həmin ölkə və qüvvələr gah şərti həmsərhəd ərazilərdə təxribat törədir, gah Ermənistanı silahlandırır, gah da Paşinyan onlara arxalanıb sərsəm bəyanatlar verməklə kövrək sülhün ilkin addımlarını şəkk-şübhə altına alır.
 
Ümumiyyətlə, 30 il Azərbaycan torpaqlarının işğalına susan Qərb ölkələri və təşkilatları əksinə olaraq işğalı həyata keçirən ölkəni dəstəkləyirsə, bu fəaliyyətin də adını demokratiya və açıq cəmiyyət qoyursa, burada hansı demokratiya və şəffaflıqdan söhbət gedə bilər?
 
Bu, riyakar və qərəzli mahiyyətdən başqa bir şey deyil. 30 il ikili standartları və riyakar münasibəti öz üzərində hiss edən Azərbaycan, təəssüflər olsun ki, bu gün də bu siyasətlə üzləşir. Onlar hələ də hər vəchlə Cənubi Qafqazda sülhə mane olmağa çalışır və regionda öz təsirlərini gücləndirmək istəyirlər. Yəni bu təşkilat hər zaman şəxsi maraqları naminə regionları qana bulamaqla məşğul olub. Bütün bunlara görə Macarıstan Baş naziri Viktor Orban 2015-ci ildə "Mən Corc Sorosu çox yaxşı tanıyıram. O mənim düşmənimdir. Bizim etdiyimiz heç bir şeyə inanmır", - deyərək fondun fəaliyyətini rəhbərlik etdiyi ölkədə məhdudlaşdırıb. Həmçinin Rusiyada da həmin il Corc Soros fondu "arzuolunmaz qurumlar" siyahısına daxil edilib.
 
2019-cu ildə Türkiyə də fonda qarşı analoji mövqe sərgiləyib. Prezident Rəcəb Tayyib Ərdoğan Corc Sorosun dövlətləri dağıtmaqla məşğul olduğunu deyib:
 
"Corc Soros Türkiyədə 2013-cü ildə keçirilmiş və "Gəzi hərəkatı" adı ilə məşhur olan etiraz aksiyalarını maliyyələşdirib. Bu hadisələri maliyyələşdirən bir nəfərdir, məşhur macar yəhudisi Soros".
 
Göründüyü kimi, Soros Fondu yalnız özünəxas ideologiyaları dəstəkləyir və bu da onun neytral olmadığını göstərir. Əbəs deyil ki, hətta ABŞ-də də bəzi siyasətçilər, xüsusi ilə də mühafizəkar dairələr Sorosu daxili siyasətə müdaxilədə ittiham edirlər. Bütün bunlar bu fondun fəaliyyətinin tam şəffaf olmadığını göstərir.
 
Sözügedən faktları və vəziyyəti nəzərə alsaq, Sorosun Açıq Cəmiyyət Fondunun da bağlanması mümkün görünür. Çünki Soros Fondu da USAID kimi ABŞ-nin xarici siyasət prioritetlərinə ziddir. Fond Birləşmiş Ştatların inkişafı ilə məşğul olmaq əvəzinə, başqa ölkələrin daxili işlərinə qarışır, xaos və böhrana səbəb olur. Əgər bir təşkilat qeyri-şəffaf fəaliyyət göstərirsə, onun fəaliyyəti bəşəriyyət üçün təhlükədirsə, o təşkilatın fəaliyyətinə niyə də xitam verilməsin?
 
Link kopyalandı!
Son xəbərlər