Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ prezidenti Donald Trampın administrasiyası Dövlət Departamentinin xərclərini azaltmaq üçün ölkənin bir neçə konsulluğunu bağlaya bilər.
Bu barədə çərşənbə axşamı NBC telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, söhbət Sakit okean adaları, Kanada və Meksikadakı, həmçinin Avropada – xüsusilə Almaniya və Fransadakı konsulluqlardan gedir.
Telekanal qeyd edir ki, Tramp artıq bu təşəbbüslə tanış olub, lakin onun həyata keçirilmə vaxtı ilə bağlı qərar hələ qəbul edilməyib. Dövlət Departamenti isə öz növbəsində konsulluqlardan fəaliyyətləri ilə bağlı məlumat tələb edib.
Trampın 20 yanvar tarixində keçirilən inauqurasiyasından dərhal sonra, milyarder İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi İdarəsi (DOGE) ABŞ büdcəsinin xərclər bölmələrinin genişmiqyaslı yoxlanışına başlayıb. Ümumilikdə, iş adamı dövlət xərclərini 2 trilyon dollar azaltmağı planlaşdırır.