"Qao şəhər xəstəxanasının meyitxanasında 56 cəsəd var, çoxlu sayda yaralı əsgər müalicə alır..."
Fevralın 7-də, cümə günü İŞİD terrorçuları Malinin şimal-şərqində, Qao şəhəri yaxınlığında 50-dən çox insanı qətlə yetirib.
Moderator.az xəbər verir ki, bu barədə "Amerikanın Səsi" radiosu məlumat verib.
Məlumatda deyilir ki, bu bölgədə "İŞİD" və "Əl-Qaidə"nin qolları artıq on ildən çoxdur ki, xəlifəliyi bərpa etməyə çalışır, yalnız Malidə deyil, həm də qonşu Burkina-Faso və Nigerdə sabitliyi pozur.
İslamçılar hərbçilərin müşayiət etdiyi karvana hücum edib. Karvan altı avtobus, 22 mikroavtobus və səkkiz yük maşınından ibarət olub. Terrorçular karvanı qarət edib və yandırıb. Hücumda təxminən 200 silahlı iştirak edib.
"İnsanlar canlarını qurtarmaq üçün maşınlardan atılıb. Çoxlu sayda ölən və yaralanan mülki şəxs olub", - yerli rəsmi şəxslərdən biri "Amerikanın Səsi" radiosuna bildirib.
Onun sözlərinə görə, Qao şəhər xəstəxanasının meyitxanasında 56 cəsəd var, çoxlu sayda yaralı əsgər isə müalicə alır. Mali ordusu hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyib.
Qao sakini isə vurğulayıb ki, islamçı qrupların ölümcül hücumları o qədər tez-tez baş verir ki, ordu, demək olar ki, hər gün məcburi köçkünləri daşıyan avtomobil kolonlarını müşayiət etməli olur.
Terrorçular Malinin şimalında ilk dəfə 2012-ci ildə tuareqlərin separatçı qiyamı zamanı kök salıb. O vaxtdan bəri islamçı silahlılar Saxara səhrasının cənubunda yerləşən yoxsul Sahel regionundakı digər ölkələrə də yayılıb.
Beynəlxalq Miqrasiya Təşkilatı bildirir ki, bu hücumlar minlərlə insanın ölümünə səbəb olub və böyük bir humanitar böhran yaradıb. Yanvar ayına olan məlumata görə, 3,2 milyon insan məcburi köçkün vəziyyətinə düşüb.