"ABŞ-la danışıqlar nə ağıllı, nə də ləyaqətli bir işdir və ölkəmizin problemlərinin həllinə heç bir təsir göstərmir..."
İranın Ali dini lideri Əli Xameneyi fevralın 8-də, şənbə günü səhər saatlarında HƏMAS-ın yüksək vəzifəli nümayəndələrindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə "trtrussian.com" nəşri məlumat yayıb.
Görüşdə təşkilatın rəhbərlərindən Xəlil əl-Həyə, HƏMAS Şurasının rəhbəri Məhəmməd İsmayıl Dərviş, təşkilatın yüksək rütbəli silahlılarından Nizar Abdulla və Yəhya Sinvarın aradan götürülməsindən sonra yaradılmış Müdafiə Şurasının üzvləri iştirak edib.
Xameneyi bəyan edib ki, "Amerikanın təhdidləri nə İrana, nə də onun rəhbərliyinə təsir edir. Fələstin məsələsi bizim üçün başlıca əhəmiyyət daşıyır, Fələstinin qələbəsi də eyni dərəcədə önəmlidir. İslam dünyasının və müqavimət tərəfdarlarının borcu Qəzza sakinlərinə kömək etmək və onların əzablarını yüngülləşdirməkdir".
Xamenei deyib: "Siz ABŞ və İsrail üzərində qələbə qazandınız və onların hədəflərinə çatmasının qarşısını aldınız. Elə bir gün gələcək ki, siz İslam dünyası üçün Qüds məsələsini həll edəcəksiniz". HƏMAS nümayəndə heyəti "İranın və İran xalqının davamlı dəstəyini yüksək qiymətləndirdiyini" bildirib.
Xatırladaq ki, bu həftə ABŞ prezidenti Donald Tramp İrana qarşı "maksimum təzyiq" siyasətinin bərpası ilə bağlı sənəd imzalayıb. Bu, onun ilk prezidentliyi dövründə İslam Respublikasına qarşı tətbiq etdiyi sərt sanksiya siyasətinin davamıdır.
Tramp bəyan edib ki, İran nüvə silahı əldə etməyə həddindən artıq yaxınlaşıb və xəbərdarlıq edib ki, əgər Tehran ona qarşı sui-qəsd təşkil etmək qərarına gəlsə, İran məhv ediləcək. O, bildirib ki, belə bir addım atılarsa, İrana qarşı tədbirlərin görülməsi üçün "təlimatlar" qoyub.
Tramp deyib: "Mən nə etmək lazım olduğu barədə göstəriş vermişəm. Əgər onlar bunu etsələr, məhv ediləcək, orada heç nə qalmayacaq. Bayden bunu deməli idi, amma o, heç vaxt demədi, yəqin ki, buna səbəb intellekt çatışmazlığı olub".
Sənədi imzalamazdan öncə amerikalı mənbə bildirib ki, məqsəd İranın nüvə silahı əldə etməsinin bütün yollarını bağlamaq və onun "zərərli təsiri" ilə mübarizə aparmaqdır, bu zaman hətta İran neftinin ixrac imkanlarını "sıfıra endirmək" də nəzərdə tutulur.
Xameneyi Trampın siyasətinə Tehranda çıxışı zamanı reaksiya verərək deyib: "Əgər onlar bizim təhlükəsizliyimizi təhdid etsələr, biz də onların təhlükəsizliyini təhdid edəcəyik. Əgər İran xalqının təhlükəsizliyinə zərər vursalar, biz mütləq cavab verəcəyik", - o, əmin edib.
"ABŞ-la danışıqlar nə ağıllı, nə də ləyaqətli bir işdir və ölkəmizin problemlərinin həllinə heç bir təsir göstərmir. Biz bunu təcrübədən bilirik. Əvvəlki nüvə sazişində güzəştə getdik, amma ABŞ ona sadiq qalmadı, Tramp isə ümumiyyətlə onu ləğv etməyə qərar verdi", - Ali dini lider bəyan edib.