Bizi sosial şəbəkələrdən izləyin:
"Ölkəmiz bu sahə üçün vacib sayılan 33 metal və mineralın 10-a sahibdir..."
Tacikistan hakimiyyəti ölkəni mikrosxem istehsalı və süni intellektin inkişafı sahəsində qlobal liderə çevirməyi planlaşdırır.
Moderator.az xəbər verir ki, bu barədə Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şirəli Kəbir yüksək texnologiyalar sektoruna dair keçirdiyi mətbuat konfransında bildirib. Məlumatı "sng.today" nəşri yayıb.
Kəbirin sözlərinə görə, süni intellektin inkişafının əsası olan mikrosxemlərin istehsalı üçün Tacikistanın kifayət qədər resursları mövcuddur. Belə ki, ölkə bu sahə üçün vacib sayılan 33 metal və mineralın 10-a sahibdir.
"Beşinci sənaye inqilabı məhz burada, Tacikistanda başlayacaq. Bizdə təkcə təbii ehtiyatlar deyil, həm də süni intellektin inkişafına dair strateji konsepsiya mövcuddur", - Kəbir vurğulayıb.
Təbii ehtiyatlardan əlavə, Tacikistan hakimiyyəti Çin startapı "Deep Seek" nümunəsindən də ilham alır. Bu şirkət öz texnologiyası sayəsində ABŞ-ın iri şirkətlərinin səhmlərinin dəyərini kəskin şəkildə aşağı salmağı bacarıb.
Nazir əlavə edib ki, Tacikistan iri həcmli elektron sistemlərin soyudulması üçün də imkanlara malikdir.
"İstifadəçi GPT çatda beş sual verdikdə, bunun üçün yarım litr su sərf olunduğunu bilməlidir. Bütün bu texnologiyalar soyutma tələb edir, bizdə isə su və lazımi resurslar var", - Tacikistan sənaye naziri qeyd edib.
Yerli ekspertlər isə bildirir ki, bu planların uğurla həyata keçirilməsi üçün Tacikistana xarici investisiyaların cəlb edilməsi və elmi bazasının inkişaf etdirilməsi vacib olacaq.