"NATO Hərbi Komitəsinin yeni rəhbəri ilk səfərini Ukraynaya edərək öz dəstəyini göstərib..."
Kreml diktatoru Putin danışıqlara yox, müharibənin davamına və təkcə Ukraynaya qarşı yox, daha genişmiqyaslı döyüşlərə hazırlaşır.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski "Telegram" kanalı vasitəsilə yayımladığı videomüraciətində bildirib.
Zelenskinin sözlərinə görə, rusiyalılar ordularını 100 mindən çox yeni əsgərlə genişləndirir. "Biz indi bilirik, bizim kəşfiyyatımız məlumat verir ki, rusiyalılar yeni diviziyalar yaradır, yeni hərbi istehsalatları inkişaf etdirir. Aydındır ki, Şimali Koreya ilə əməkdaşlıqları da genişlənməkdə davam edəcək, - prezident qeyd edib.
"Təəssüf ki, Moskva müasir müharibə texnologiyalarını həmin bölgəyə, xüsusən də pilotsuz uçuş aparatları sahəsində yayır. Bu isə sadə bir məna daşıyır: Putin nə danışıqlara, nə də sülhə hazırlaşır, o, müharibəni davam etdirməyə və təkcə bizə- Ukraynaya qarşı yox, daha geniş bir savaşa hazırlaşır. Onlar indi ordularını 100 mindən çox əsgərlə artırır", - Zelenski vurğulayıb.
O, bildirib ki, Ukraynanın bütün tərəfdaşları bu barədə məlumatlı olmalıdır və Ukrayna bu informasiyanı paylaşmağa hazırdır. Kəşfiyyat orqanları arasında artıq müvafiq koordinasiya aparılır.
Ukrayna prezidenti NATO Hərbi Komitəsinin sədri, Kiyevə səfər etmiş admiral Cüzeppe Kavo Draqone ilə görüşdə "Ramştayn" formatında keçiriləcək növbəti toplantıya hazırlıq və həm Ukraynanın, həm də ümumi müdafiə ehtiyaclarını müzakirə etdiyini deyib.
Zelenskinin sözlərinə görə, NATO Hərbi Komitəsinin yeni rəhbərinin ilk səfərinin məhz Ukraynaya olması, "ukraynalılara dəstək məqsədi daşıyır".
"Biz birlikdə hansı təhlükələrin olduğunu və onlara qarşı hansı vasitələrlə mübarizə apara biləcəyimizi görməliyik. Burada, Avropada, hər bir ölkə öz müdafiəsini gücləndirməyə məcbur olacaq və ÜDM-in 5 faizinin müdafiəyə ayrılması məsələsi gündəlikdən çıxmayacaq", - Ukrayna prezidenti vurğulayıb.
O, həmçinin Britaniyaya Ukraynanın davamlılığına, təkcə müdafiə deyil, həm də enerji, iqtisadi və sosial dayanıqlığa dəstək üçün ayrılan vəsaitlərə görə təşəkkür edib.
Zelenski Fransa tərəfindən təqdim olunan "Miraj" qırıcılarını Ukraynanın hərbi aviasiyasının inkişafında "önəmli addım" adlandırıb. Dövlət başçısının sözlərinə görə, bu təyyarələr artıq Ukraynanın müdafiəsində iştirak edir. "Bu istiqamətdə genişlənmə olacaq", - deyə o əlavə edib. O, həmçinin F-16 təyyarələrinin Niderlanddan göndərilməsini də xatırladıb.
Sonda Zelenski Ukraynanın əsas tərəfdaşları- ABŞ, Avropa və İslam dünyası ilə görüşlərin aydın bir qrafiklə hazırlandığını bildirib. "Dəqiq tarixlər var. İşimizi davam etdirəcəyik", - prezident qeyd edib.