Dünya
640
07 Feb 2025 | 22:21

"Rusiya ordusu Ukraynada atlara və ulaqlara keçir" - KİV-lər

"Rusiya sənayesi Ukrayna ordusu tərəfindən məhv edilən texnikanın çatışmazlığını doldura bilmir..."
 
Son həftələr sosial şəbəkə və KİV-lərdə Ukraynada yerləşən Rusiya qoşunlarının minik və yükdaşıyan heyvanlardan istifadə etməsi ilə bağlı görüntü və reportajlar getdikcə daha çox yayılmağa başlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "moscowtimes.ru" nəşri məlumat yayıb.
 
Bir neçə gün öncə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşşenko sosial şəbəkədə video yayımlayıb. Görüntülərdə Rusiyanın hərbi formasında olan iki yakutun Ukraynada palçıqlı yolda atlarla hərəkət etdiyi görünür. Bənzər televiziya reportajları Rusiya KİV-lərində də yer alıb.
 
Son vaxtlar buryat əsilli rusiyalı "hərbi müxbir" Aleksandr Qarmayev "Telegram" kanalında döyüş sursatlarını daşımaq üçün istifadə edilən ulağın şəklini və bir səs yazısını paylaşıb. Səs yazısında bir nəfər heyvanın cəbhə xəttinə mərmilər daşıdığını izah edir.
 
Bu cür məlumatlar müxtəlif cəbhə bölgələrindən gəlir. Analitiklər bunun artıq tək-tək hallarla məhdudlaşmadığını, məqsədyönlü bir meyl halını aldığını bildirir.
 
Ekspertlər bu vəziyyəti bir neçə səbəblə izah edir. Birincisi, Rusiya sənayesi Ukrayna ordusu tərəfindən məhv edilən texnikanın çatışmazlığını doldura bilmir. Ukrayna hərbçiləri və Qərb ekspertlərinin hesablamalarına görə, müharibənin üç ili ərzində Rusiya ordusuna aid təxminən 15-20 min hərbi texnika məhv edilib.
 
Rusiya müdafiə sənayesi ildə 100-dən bir qədər çox tank və 200-ə yaxın piyadaların döyüş maşını istehsal edə bilir, bundan əlavə, bir neçə yüz yüngül zirehli texnika istehsal olunur.
 
Müharibənin əvvəlində Rusiya ordusu anbarlarda saxlanılan sovet dövrünə aid zirehli texnikanı dövriyyəyə buraxıb, lakin onların ehtiyatı tükənib. İndi isə rusiyalı əsgərlər cəbhə xəttinə mülki avtobuslar və minik avtomobilləri ilə çatmağa məcburdur. Qış aylarında, buzlu və palçıqlı yollarda bu, asan deyil.
 
Digər bir səbəb isə cəbhə bölgəsində bir neçə kilometrlik zolaqda Ukrayna PUA-larının yüksək aktivliyidir. Bu, iri nəqliyyat vasitələrinin irəliləməsini mümkünsüz edir. Buna görə də sursat və ləvazimatların daşınması çox vaxt əsgərlərin öz üzərinə düşür. Bu vəziyyətdə ulaqlar köməyə gəlir.
 
Bütün çətinliklərə baxmayaraq, analitiklər hesab edir ki, Rusiya ordusu problemlərlə üzləşsə də, Ukrayna ordusunun vəziyyəti, xüsusilə də insan resurslarının çatışmazlığı səbəbindən daha ağırdır. Rusiya qoşunları yavaş-yavaş irəliləyərək Ukrayna müdafiəsini müxtəlif istiqamətlərdə sıxışdırır.
 
Digər tərəfdən, Ukrayna ordusunun kifayət qədər böyük hücum qüvvəsi Kursk vilayətində cəmlənib. Rusiya komandanlığı isə Ukraynadan əlavə qüvvə çəkmək istəmədiyi üçün orada müdafiə mövqeləri tutmağa məcbur olub.
 
Bu gün Ukrayna ordusu yenidən Kursk vilayətində hücuma keçərək, Rusiya qoşunlarının nəzarətində olan dörd kəndi ələ keçirməyə cəhd göstərib. Rusiya KİV-lərinin məlumatına görə, Ukrayna ordusu üç tabor qüvvə ilə tanklar və zirehli texnika vasitəsilə irəliləyir. Rusiyalılar isə artilleriya və aviasiya ilə müdafiə olunur.
Link kopyalandı!
Son xəbərlər