Yaxın Şərqdə dəyişən geosiyasi şərtlər: Qəzzada yeni həyat, yoxsa fəlakət? 
Dünya
438
16:32, Bu gün

Yaxın Şərqdə dəyişən geosiyasi şərtlər: Qəzzada yeni həyat, yoxsa fəlakət? 

Donald Tramp son açıqlamaları ilə dünyada yeni siyasi müzakirələrə səbəb olub. O, sosial media hesabında müharibədən sonra İsrailin Qəzzanı ABŞ-a təslim edəcəyini və Fələstini dünyanın ən gözəl ölkəsinə çevirəcəyini bəyan edib. Bu açıqlama beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə yol açıb və Qəzzanın gələcəyi ilə bağlı ciddi suallar doğurub.Trampın planı təkcə Qəzzanın yenidən qurulması ilə məhdudlaşmır, o, eyni zamanda bölgədən iki milyona yaxın fələstinlinin köçürülməsini nəzərdə tutur. Lakin bu proses etnik təmizləmə kimi qiymətləndirilə bilərmi? Beynəlxalq hüquq çərçivəsində bu cür kütləvi deportasiyaya necə yanaşılacaq? Digər mühüm sual isə Rusiyanın bu prosesə reaksiyasıdır. Trampın Qəzza planı Kreml üçün yeni bir fürsət yarada bilərmi? Putin belə bir vəziyyətdə Ukraynadakı müharibəni dayandıracaq, yoxsa ABŞ-ın bu addımlarını əsas gətirərək öz işğalına haqq qazandırmağa çalışacaq? Bu sualların cavabı təkcə Yaxın Şərqin deyil, bütövlükdə beynəlxalq nizamın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir.
Mövzuya münasibət bildirən hərbi eskpert Elxan Şıxalıyev xatırladıb ki, Qəzzadakı son vəziyyətə görə ərazilər  İsrail silahlı qüvvələrinin nəzarəti altına keçib:
“Ərazidə mümkün ola biləcək yaşayış infrastrukturu demək olar ki, tamamilə dağıdıldığı üçün hazırkı mərhələdə Qəzzadan çıxmış əhalinin yenidən ora qayıtması qeyri-mümkündür. ABŞ-ın  prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahuyla görüşündə ilk dəfə bu təklifi irəli sürüb ki, Qəzza əraziləri başqa bir qurumun nəzarətinə keçsin, sıfırdan inşa edilsin və bölgədə təhlükəsiz yaşayış məntəqələri formalaşdırılsın. Bu, ABŞ tərəfindən ilk dəfə irəli sürülən təklif olsa da, beynəlxalq ictimaiyyətin reaksiyası dərhal gəlib. Çin, İordaniya və Misir başda olmaqla bir sıra ərəb ölkələri bu plana etiraz ediblər. Onların əsas narahatlığı Qəzzadan çıxarılan təxminən iki milyon insanın taleyidir. Misir və İordaniya açıq şəkildə bildiriblər ki, bu miqdarda qaçqını qəbul etməyə hazır deyillər. Eyni zamanda, ABŞ və İsrailin mövqeyindən fərqli olaraq, beynəlxalq institutların böyük əksəriyyəti Qəzza bölgəsində iki dövlətin – Fələstin və İsrailin yaradılmasını və onların qarşılıqlı münasibətlərinin formalaşmasını dəstəkləyir. HƏMAS liderləri də ABŞ prezidentinin bu yanaşmasına kəskin etiraz ediblər və bu planın Qəzzanın fələstinlilərdən tamamilə təmizlənməsi məqsədi daşıdığını iddia edirlər. Münaqişənin həllinə dair beynəlxalq cəhdlər davam etsə də, vəziyyətin yaxın zamanda sabitləşməsi real görünmür”.
Hərbi eskpert qeyd edib ki, HƏMAS ilə Hizbullahın yanaşmaları arasındakı fərqlər və gələcək perspektivlər Qəzza böhranının tamamilə həll olunmuş kimi görünməməsinə gətirib çıxarır:
“ Vəziyyət müvəqqəti olaraq sabitləşdirilsə belə, qarşılıqlı münaqişənin, atəşkəsin pozulmasının və yeni münaqişə səbəblərinin yaranmasının qarşısını tam almaq mümkün olmayacaq. Bu fonda ABŞ -da beynəlxalq reaksiyaları nəzərə alaraq, Qəzzaya yönləndiriləcək vəsaitin bölgədə təhlükəsizliyi təmin etməyə yetərli olub-olmayacağını dəyərləndirir. Məlumdur ki, bu cür planlar həyata keçirildikdə, əsas məsələ yalnız infrastrukturu bərpa etmək deyil, həm də bölgədə sabitliyi təmin edə biləcək siyasi və təhlükəsizlik mexanizmlərinin yaradılmasıdır. ABŞ və İsrailin təqdim etdiyi yol xəritəsi məhz bu çərçivədə nəzərdən keçirilir. Ancaq bölgənin ABŞ nəzarətinə keçməsi və bunun təhlükəsizlik zəmanəti olaraq təqdim edilməsi bir çox tərəflər, xüsusilə də ərəb ölkələri tərəfindən birmənalı qarşılanmır. İordaniya, İsrailin müharibə nəticəsində qaçqınların öz sərhədlərinə axın etməsinə və bunun məcburi şəkildə həyata keçirilməsinə qarşı ciddi etiraz edir. Əgər İsrail bu strategiyanı tətbiq etməyə çalışarsa, münaqişənin həllindən çox, onu daha da alovlandırmış olacaq. Bu, regionda yeni gərginliklərin yaranmasına və siyasi institutların sərt reaksiyalar verməsinə səbəb ola bilər”.
Eskpert onu da əlavə edib ki, bu prosesin Rusiya-Ukrayna müharibəsi fonunda baş verməsi və Qəzzada atəşkəsin təmin olunması ABŞ-ın qlobal güc kimi mövqeyini gücləndirmək məqsədinin bir hissəsi kimi də qiymətləndirilə bilər:
“Donald Tramp və Vladimir Putin arasındakı mümkün razılaşmaların bir hissəsi kimi Ukraynada atəşkəsin elan olunması və bununla da ABŞ-ın dünya siyasətində aparıcı rolunu yenidən təsdiqləməsi gündəmdədir. Hazırda Ukrayna müharibəsi ilə bağlı siyasi müzakirələr aktiv fazaya keçib. Bir tərəfdən Ukrayna Kursk istiqamətində irəliləməyə çalışır, digər tərəfdən Rusiya Kiyev və Xarkov istiqamətində hava zərbələrini artırır. Bu isə o deməkdir ki, müharibə hələ də aktiv fazada qalır. Ancaq görünən odur ki, qarşıdakı üç-altı ay ərzində bu siyasi müzakirələrin nəticəsində savaş passiv fazaya keçə bilər. Xüsusilə, Ukraynada seçkilərin keçirilməsi ilə bağlı gözləntilər bu ssenarini daha da gücləndirir. Bu müddət ərzində tərəflərin kimin daha çox güzəştə gedəcəyi əsas müzakirə mövzusu olacaq və mümkün atəşkəs məhz bu güzəştlərin nisbətindən asılı olacaq. Bu baxımdan, ABŞ-ın yeni administrasiyası qlobal böhranların və münaqişələrin idarə edilməsi rolunu daha açıq şəkildə üzərinə götürmüş kimi görünür. Qəzza münaqişəsi, Rusiya-Ukrayna savaşı və digər regional böhranların həlli məsələsində ABŞ-ın tətbiq edəcəyi strategiyalar beynəlxalq münasibətlər sistemində yeni dinamikanın formalaşmasına səbəb ola bilər. Liviyada və digər münaqişə zonalarında əldə edilmiş təcrübələr göstərir ki, ABŞ, əsasən, iqtisadi və hərbi yardımlar vasitəsilə öz təsir imkanlarını artırır. İndi isə həm Qəzzadakı vəziyyət, həm də Rusiya-Ukrayna müharibəsi ABŞ-ın qlobal güc kimi hansı strategiyanı seçəcəyini və bu planların necə icra ediləcəyini göstərmiş olacaq. Qarşıdakı aylarda baş verəcək siyasi proseslər bu istiqamətdə daha aydın mənzərə formalaşdıracaq”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər