Hindistana 40 saatlıq reys: ABŞ-dan deportasiya edilənlər uçuş boyu qandalda saxlanıldı
Dünya
348
14:39, Bu gün

Hindistana 40 saatlıq reys: ABŞ-dan deportasiya edilənlər uçuş boyu qandalda saxlanıldı

ABŞ-dan Hindistana həyata keçirilən 40 saatlıq deportasiya reysində 104 nəfər əl və ayaq qandalları ilə saxlanılıb.
 
Bu barədə CNN yazır.
 
23 yaşlı Akaşdip Sinqh digər 103 deportasiya olunan şəxslə birlikdə Hindistana çatdığını və uçuşdan əvvəl onların əllərinin qandallanıb, topuqlarının isə zəncirlərlə bağlandığını bildirib.
 
"Əllərimiz qandallı, ayaqlarımız isə zəncirlə bağlanmışdı,” – deyə Sinqh qeyd edib. O, həmçinin tualetə getmək və ya yemək yeyərkən qandalların açılması üçün edilən müraciətlərin qulaqardına vurulduğunu bildirib.
 
"Onların bizə necə baxdıqlarını heç vaxt unutmayacağam... Tualetə də qandallarla gedirdik. Enməyə az qalmış qadınların qandallarını açdılar. Biz bunu gördük. Bizimkiləri isə yerli polis əməkdaşları enişdən sonra çıxardı”, – deyə Sinqh əlavə edib.
 
35 yaşlı Sükpal Sinqh isə qandalların uçuş boyunca, hətta Sakit okeandakı Quam adasında yanacaq doldurma zamanı da çıxarılmadığını bildirib.
 
"Əgər ayağa qalxmağa cəhd etsəydik, - çünki qandallar ayaqlarımızı şişirdirdi, - bizə qışqırıb oturmağımızı tələb edirdilər,” – deyə o qeyd edib.
 
Xatıladaq ki, yanvarda Kolumbiyadan deportasiya olunan şəxslərin ABŞ-ın deportasiya təyyarəsində qandallarla saxlanıldığını göstərən fotolar Kolumbiya və ABŞ arasında ciddi mübahisəyə səbəb olmuşdu.
 
Kolumbiya prezidenti Qustavo Petro bu praktikanı pisləyərək, miqrantlara cinayətkar kimi davranıldığını bəyan etmişdi. O, deportasiya olunanlara ləyaqət və hörmətlə yanaşılmalı olduğunu vurğulamışdı.
 
Bundan əlavə, Braziliya Xarici İşlər Nazirliyi də Braziliya vətəndaşlarına qarşı "alçaldıcı rəftarı” pisləmişdi. Deportasiya edilən bəzi sərnişinlər təyyarədə pis rəftara məruz qaldıqlarını bildirmişdilər.(Qaynarinfo )
Link kopyalandı!
Son xəbərlər