Dünya
393
06 Feb 2025 | 23:16

"ABŞ Ümumdünya Səhiyyə Təşkilatını islah etmək istəyir" - "Reuters"

"Birləşmiş Ştatlar hər il təşkilata 400 milyon dollar könüllü və 130 milyon dollar məcburi ödəniş edir..."
 
Tramp administrasiyası ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) üzvlüyünü qorumaq məqsədilə təşkilatda islahatlar aparmağı, o cümlədən amerikalının baş direktor təyin edilməsini nəzərdən keçirir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" informasiya agentliyi məlumat yayıb.
 
Məlumatda deyilir ki, yanvarın 20-də Trampın inauqurasiyasından əvvəl prezidentin məsləhətçilərinə təqdim olunan sənəddə ABŞ-a ÜST-dən çıxışını tez bir zamanda elan etmək və təşkilatla qarşılıqlı əlaqədə "yeni radikal yanaşma" tətbiq etmək tövsiyə olunub. Bu yanaşmaya 2027-ci ildə Tedros Adhanom Qebreyesusun səlahiyyət müddəti bitdikdən sonra ÜST-ün baş direktoru vəzifəsinə amerikalının namizədliyinin irəli sürülməsi də daxildir.
 
Trampın ÜST-dən çıxış barədə imzaladığı fərman onun prezident kimi atdığı ilk siyasi addımlardan biri olub. Sənədi imzaladıqdan sonra Tramp ABŞ-ın təşkilata qayıda biləcəyini bildirib, lakin bunun üçün ÜST-in hansı konkret addımları atmalı olduğunu dəqiqləşdirməyib.
 
Ümumdünya Səhiyyə Təşkilatında islahat aparmaq təklifi Trampın prezident seçilməsindən əvvəl də müzakirə olunub. Lakin "Reuters"ə danışan iki mənbə bildirib ki, administrasiya bu istiqamətdə əlavə tədbirlər görüb-görməyəcəyini hələ ki müəyyən etməyib.
 
Ağ Evin sözçüsü Kuş Desai "Reuters"ə açıqlamasında bildirib: "Administrasiya mövcud prosesləri və səhiyyə orqanlarının fəaliyyətini nəzərdən keçirməyə davam edəcək və zəruri islahatları həyata keçirəcək". O, ÜST ilə bağlı hər hansı müzakirələri şərh etməkdən imtina edib.
 
Trampın imzaladığı fərmanda ÜST koronavirus pandemiyası zamanı idarəetmədə yol verdiyi nöqsanlara və bəzi ölkələrin təşkilat üzərində həddindən artıq təsirinə görə tənqid olunur. Tramp komandasının sifarişi ilə xarici siyasət eksperti tərəfindən hazırlanan təklif sənədində ÜST "BMT-nin ən xaotik və ən səmərəsiz agentliyi" kimi xarakterizə edilir.
 
Sənəddə vurğulanır ki, ÜST son iyirmi ildə təklif olunan islahatları həyata keçirə bilməyib, bu da idarəetmənin və elmi ekspertizanin zəifləməsinə səbəb olub. Eyni zamanda, ÜST-dən çıxışın ABŞ-ın maraqlarına zərbə vuracağı etiraf edilir, lakin təşkilatın islahatsız vəziyyətdə qalmasının da eyni dərəcədə zərərli olacağı bildirilir.
 
ÜST-ün transformasiya direktoru Sören Broström "Reuters"ə müsahibəsində təşkilatın indiyə qədərki "ən fundamental islahatları" həyata keçirdiyini qeyd edib. "Biz tamamilə islahat keçirmişik və hələ də irəliləyirik", - o, bildirib. O, təşkilatın donor asılılığını azaltmaq üçün maliyyə modelinin dəyişdirildiyini, ölkə ofislərinin rəhbərlərinə daha çox müstəqillik verildiyini və xərclərin şəffaflığının artırıldığını vurğulayıb.
 
Broström ÜST-in fəaliyyət sahəsinin digər BMT agentliklərindən daha geniş olduğunu və səhiyyə böhranlarına təşkilatın reaksiyalarının "xaotik olmadığını" xüsusi vurğulayıb. "Əgər üzv dövlətlər əlavə islahatlar tələb etsələr, biz onları həyata keçirməyə çalışacağıq", - o, əlavə edib.
 
"Reuters" redaksiyasının əldə etdiyi sənəddə göstərilir ki, 2025-ci ildə ABŞ xüsusi səfir təyin etməyi planlaşdırır. Bu şəxs Trampa və Ağ Evə tabe olacaq və ABŞ-ın ÜST ilə islahatlarla bağlı danışıqlarını koordinasiya edəcək. Səfirin əsas məqsədlərindən biri ilk dəfə olaraq ÜST-in baş direktoru vəzifəsinə amerikalı rəsminin gətirilməsinə nail olmaqdır.
 
Broström vurğulayıb ki, hər bir üzv dövlət baş direktor vəzifəsinə öz namizədini irəli sürə bilər. Seçim prosesi ÜST-in İcraiyyə Şurası tərəfindən aparılır və namizədin qalib gəlməsi üçün üzv dövlətlərin ən azı üçdə ikisinin səsini toplaması tələb olunur.
 
"ABŞ 2026-cı ilin yanvarına qədər ÜST-dən çıxarsa, təşkilat ən böyük maliyyə donorunu itirəcək. ABŞ hazırda ÜST-in ən böyük maliyyə mənbəyidir və təşkilata hər il 400 milyon dollar könüllü və 130 milyon dollar məcburi ödəniş olmaqla, ümumilikdə 18 faiz maliyyə töhfəsi verir. ÜST xəbərdarlıq edib ki, əgər digər donorlar yaranan maliyyə boşluğunu doldurmazsa, təşkilat xərclərini azaltmağa məcbur olacaq", - "Reuters" yazır.
 
Agentlik xatırladır ki, ötən həftə 43 amerikalı qanunverici Trampı bu qərarını yenidən nəzərdən keçirməyə çağırıb. ABŞ-ın ictimai səhiyyə sahəsindəki fəalları da Trampın bu addımına qarşı mübarizə aparır və qərarın ləğvi üçün məhkəməyə müraciət etməyi nəzərdən keçirir. "Amerikanın maraqlarına uyğun olan ÜST-də qalmaq və orada islahatlar aparmaqdır", - Vaşinqtondakı Corctaun Universitetinin professoru və ÜST-in milli və qlobal səhiyyə qanunvericiliyi üzrə Əməkdaşlıq Mərkəzinin direktoru Lourens Qostin bildirib.
Link kopyalandı!
Son xəbərlər