Əfqan məmurların
Dünya
208
06 Feb 2025 | 22:19

Əfqan məmurların "Taliban" liderinin icazəsi olmadan xaricə getmələri qadağan edildi

Əfqanıstanda "Taliban" hərəkatının ali lideri Heybətulla Axundzadə məmurlara onun şəxsi icazəsi olmadan ölkədən kənara çıxmağı qadağan edib.
 
Oxu.Az-ın məlumatına görə, bu barədə "Etilaatroz" qəzeti mənbələrə istinadən məlumat yayıb.
 
Xəbərə görə, "Taliban" liderinin sərəncamı ilə əlaqədar olaraq ona birbaşa tabe olan xüsusi bölmədən azı min döyüşçü Kabil aeroportu da daxil olmaqla ölkənin hava limanlarında yerləşdirilib.
 
Onların əsas vəzifəsi əfqan məmurlarının liderin şəxsi icazəsi olmadan xaricə getmələrinin qarşısını almaqdır.
 
Qeyd olunur ki, bundan sonra "Taliban" hökuməti üzvlərinin xarici səfərləri zamanı əcnəbi nümayəndələrlə bütün danışıqlar və görüşlər hərəkatın ali liderinin etimad göstərdiyi şəxsin iştirakı ilə keçirilməlidir.
 
Mənbənin birinin əlavə etdiyinə görə, Axundzadənin ən sadiq məmurlarından biri olan DİN başçısının müavini Sədr İbrahimə tabe olan qüvvələr paytaxtda vəziyyətə nəzarət etmək üçün əlavə postlar qurublar.
 
Ehtimal olunur ki, "Taliban" liderinin bu qərarı qızlar və qadınlar üçün təhsil qadağasının ləğvi uğrunda mübarizə aparan XİN rəhbərinin müavini Məhəmməd Abbas Stanekzayın xaricə qaçması ilə əlaqədardır.
 
Əfqan KİV-nin məlumatına görə, "Taliban" daxilində hərəkatın ali lideri Heybətulla Axundzadənin tərəfdarları ilə daxili işlər naziri Siracəddin Həqqaninin qruplaşması arasında gərginlik artır. Bildirilir ki, ölkədə canlı varlıqların foto və video çəkilişinə sərt məhdudiyyətlər qoyulduqdan sonra gərginlik yeni mərhələyə qədəm qoyub.
Link kopyalandı!
Son xəbərlər