Dünya
590
06 Feb 2025 | 21:04

"Qəzza onun sakinlərinə məxsusdur və onlar bölgəni tərk etməyəcək" - HƏMAS

"Biz ərəb xalqlarını və beynəlxalq təşkilatları bu layihəni rədd etmək üçün qəti tədbirlər görməyə çağırırıq..."
 
HƏMAS qruplaşması Donald Trampın Qəzza sakinlərinin köçürülməsi və bölgənin bərpası ilə bağlı son bəyanatlarını qəti şəkildə rədd edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, HƏMAS İslam ölkələrini "Trampın əhalinin köçürülməsi ilə bağlı tamamilə qəbuledilməz layihəsinə" qarşı birləşməyə çağırıb və ərəb dövlətlərinin iştirakı ilə təcili sammit keçirilməsini tələb edib.
 
"Trampın Vaşinqtonun Qəzza bölgəsinə nəzarəti ələ alacağı barədə dedikləri ərazini işğal etməyə açıq niyyətin ifadəsidir", - HƏMAS sözçüsü Hazem Qasım bildirib.
 
"Qəzza onun sakinlərinə məxsusdur və onlar buranı tərk etməyəcəklər. Bizə Qəzza bölgəsini idarə edəcək hər hansı bir ölkə lazım deyil və biz bir işğalı digərilə əvəz etməyi qəbul etmirik", - o, əlavə edib.
 
"Biz ərəb xalqlarını və beynəlxalq təşkilatları Trampın layihəsini rədd etmək üçün qəti tədbirlər görməyə çağırırıq", - HƏMAS sözçüsü vurğulayıb.
 
Xatırladaq ki, bir qədər öncə "Hizbullah" və onun müttəfiqi olan "Amal Hərəkatı" ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı irqçi və qərəzli bəyanatlarını pisləyən birgə açıqlama yayıb. Fələstin Muxtariyyəti də öz narazılığını ifadə edib.
 
İsrail baş naziri Binyamin Netanyahu isə Trampın Qəzza bölgəsi əhalisinin digər ölkələrə köçürülməsi planını şərh edərək bu ideyanın "hamı üçün yeni bir gələcək yaradacağını" və "inkişaf etdirilib həyata keçirilməli olduğunu" vurğulayıb. Bununla belə, İsrail lideri Trampın Qəzzaya ABŞ qoşunlarını göndərmək niyyətində olduğunu düşünmədiyini bildirib.
 
"Məncə, o, HƏMAS-ın məhv edilməsini tamamlamaq üçün ABŞ qoşunlarının göndərilməsindən danışmayıb", - Netanyahu bildirib. "Bu, bizim öhdəliyimizdir. Bu, bizim işimizdir və biz ona tam sadiqik. Məncə, o, bunun maliyyələşdiriləcəyini də nəzərdə tutmayıb. O deyib ki, bunu qonşu və varlı ölkələr edəcək".
 
Bundan öncə ABŞ prezidenti Donald Tramp belə bir təkliflə də çıxış edib: "İsrail döyüş əməliyyatları başa çatdıqdan sonra Qəzza bölgəsini ABŞ-a təhvil verə bilər".
Link kopyalandı!
Son xəbərlər