Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyənin Bolu vilayətində "Kartalkaya" xizək kurortundakı "Grand Kartal" hotelində 78 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı araşdırma çərçivəsində yeni qərar verilib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, istintaq zamanı həbs edilən hotelin sahibi Halit Ergülün həyat yoldaşı və eyni zamanda, "Grand Kartal"ın ortağı olan Emine Murtezaoğlu Ergül barəsində ölkə xaricinə uçuş qadağası qərarı verilib.
Xatırladaq ki, yanvarın 21-nə keçən gecə hoteldə baş verən yanğında 78 nəfər həyatını itirib və onlardan 36-sı uşaq olub. Hadisə ilə bağlı saxlanılan 30 nəfərdən 19-u həbs edilib ki, onların sırasında hotel sahibi Halit Ergül, baş direktoru Emir Aras, yanğınsöndürmə məsələlərinə cavabdeh olan Bolu bələdiyyə sədrinin müavini Sedat Gülener və xilasetmə məsələləri üzrə müdir müavini Kənan Coşkun da var. 8 şübhəli isə məhkəmə nəzarəti altında qalmaqla sərbəst buraxılıb, Bir şübhəli prokurorluqda ifadə verdikdən sonra sərbəst buraxılıb.
Həmçinin Bolu Regional Xüsusi İdarəsinin baş katibi Sırrı Köstereli və baş katibin müavini Bünyamin Bal ötən gün jandarm tərəfindən saxlanılıb və dindirilmələri davam edir.