"İran hərbçiləri ABŞ və İsraili başqa yollarla çəkindirməyi ciddi şəkildə nəzərdən keçirir..."
Benyamin Netanyahu ilə Donald Trampın Ağ Evdə görüşü ərəfəsində İranı vurmaq və ya onunla danışıqlara başlamaq məsələsinin artıq fəal müzakirə edildiyi ehtimal olunur.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ yeni kəşfiyyat məlumatları əldə edib. Bu məlumatlar göstərir ki, bir qrup iranlı alim gizli şəkildə nüvə silahının daha sürətli, lakin daha kobud üsulla hazırlanmasını öyrənir. Bu, belə bir silahın yaradılması ilə bağlı qərar qəbul olunacağı təqdirdə tətbiq oluna bilər. Eyni zamanda, İranın yeni prezidenti Tramp administrasiyası ilə danışıqlara başlamağa hazır olduğunu bildirir.
Bayden administrasiyası son aylarda bu kəşfiyyat məlumatlarını toplayaraq hakimiyyətin təhvil verilməsi zamanı Trampın komandasına ötürüb. Bildirilir ki, iranlı mühəndislər və alimlər nüvə yanacağının sürətlə silaha çevrilməsinə imkan verən qısa yol axtarıb ki, bununla da İran bir neçə ay ərzində nüvə silahına sahib ola bilsin.
Qəzetin sorğuladığı rəsmilərin fikrincə, İran və onun Ali dini lideri Ayətullah Əli Xamenei hələ belə bir qərar qəbul etməyib. Lakin İranın regiondakı proksi qüvvələrinin xeyli zəifləməsi və İran raketlərinin ABŞ-İsrail müdafiəsini yara bilməməsi fonunda İran hərbçiləri ABŞ və İsraili başqa yollarla çəkindirməyi ciddi şəkildə nəzərdən keçirir.
Rəsmilərin sözlərinə görə, İran artıq nüvə həddində olan bir dövlətdir. 2018-ci ildə prezident Trampın ABŞ-ı Vyana sazişindən (nüvə razılaşması) çıxarmasından sonra Tehran zənginləşdirilmiş uran istehsalını bərpa edib və hazırda ən azı dörd nüvə bombasının hazırlanmasına kifayət edəcək qədər yanacaq ehtiyatına sahibdir.
Bu, hələ faktiki istehsala başlamaq üçün yetərli olmasa da, yeni məlumatlar göstərir ki, İran alimləri hazırkı nüvə yanacağını bir bomba hazırlamaq üçün istifadə etmək variantını nəzərdən keçirir.
Bu mövzu Netanyahu və Trampın görüşündə mütləq müzakirə olunacaq. Netanyahu illərdir dəfələrlə İranın nüvə obyektlərinə zərbə endirmək üçün əmr verməyə hazır olub, lakin hər dəfə geri çəkilib. Lakin bu dəfə vəziyyət köklü şəkildə fərqlidir.
ABŞ və İsrail rəsmiləri hesab edir ki, İran indiyə qədər heç vaxt bu qədər zəif olmayıb. Onun maliyyələşdirdiyi və silahlandırdığı HƏMAS və "Hizbullah" zəifləyib və İsrailə zərbə endirmək qabiliyyətini itirib. Suriya lideri Bəşər Əsəd Moskvaya qaçıb və onun ölkəsi artıq İran silahlarının daşınması üçün rahat marşrut deyil.
Oktyabr ayında İsrailin İrana qarşı cavab zərbəsi Tehranın raket əleyhinə müdafiə sistemini və bəzi nüvə obyektlərini sıradan çıxarıb. Həmçinin yeni raketlər üçün yanacaq istehsal edən nəhəng qarışdırıcı qurğular vurulub və bununla da İranın istehsalı iflic edilib.
Tramp açıq şəkildə bildirib ki, İranla birbaşa münaqişəyə tələsmir və danışıqlara açıqdır. İran prezidenti Məsud Pezeşkian dəfələrlə danışıqlar aparmaq istədiyini bəyan edib. Lakin keçmiş ABŞ rəsmiləri və İran üzrə ekspertlər bildirir ki, o, İran İnqilab Keşikçiləri Korpusunun nüvə variantı üzərində gizli iş apardığından xəbərsiz ola bilər.
Bu arada isə "The Washington Post" nəşri yazıb ki, Trampın gündəmindən İrana hücum çıxarılıb. "İrana hücum artıq müzakirə olunmur", - nəşr qeyd edib. Halbuki son həftələrdə ABŞ və İsrailin İranın nüvə obyektlərinə birgə zərbə endirə biləcəyi ehtimalı İsrail və Qərb mediasının əsas mövzularından biri olub və bu, həll olunmuş məsələ kimi dəyərləndirilib.