"Qərb nəyisə dağıtmağa, böhran yaratmağa və sonra nə baş verəcəyinə baxmağa vərdiş edib..."
İsrail Qəzza bölgəsində mülki əhaliyə qarşı kollektiv cəza tətbiq edərək fələstinlilərə qarşı müharibəni davam etdirir və Livan ilə Suriyada işğal etdiyi əraziləri tərk etməyi planlaşdırmır.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov "Valday" Beynəlxalq Diskusiya Klubunun Yaxın Şərq konfransında çıxışı zamanı bəyan edib.
"İsrail utanmadan İordan çayının Qərb sahilində hərbi əməliyyatları davam etdirir", - Lavrov vurğulayıb. Onun sözlərinə görə, İsrailin planlarına yalnız fələstinliləri Qəzzadan qovmaq deyil, həm də İordan çayının şimal-qərb sahilini tam nəzarətə götürmək daxildir.
Lavrov həmçinin İsrailin Livan və Suriyanın Colan yüksəkliklərində qalmaq niyyətində olduğunu qeyd edib və bildirib ki, "ekspertlər belə yazır, heç kim də bunu təkzib etmir". Onun fikrincə, ABŞ prezidenti Donald Trampın birinci müddətində Colan yüksəkliklərini İsrailin bir hissəsi kimi tanıması bu ərazinin ədalətin bərpası baxımından "itirilmiş torpaq" sayılmasına səbəb olub.
Lavrov əlavə edib ki, Tramp administrasiyası Colanı İsrailin ərazisi kimi tanımaqla yanaşı, "Abraham Razılaşmaları" adlanan təşəbbüsü də irəli sürüb və bu, "2002-ci il ərəb sülh təşəbbüsünü tərsinə çevirmək" məqsədi daşıyıb. O, vurğulayıb ki, bu təşəbbüs əvvəlcə Səudiyyə Ərəbistanı kralına məxsus olub və həm Ərəb Dövlətləri Liqası, həm də İslam Əməkdaşlıq Təşkilatı tərəfindən təsdiqlənib.
Rusiya XİN rəhbəri Suriya ilə bağlı da fikirlər səsləndirərək bildirib ki, ölkədə "böyük problemlər" mövcuddur. O, Suriyadakı mövcud hakimiyyətin, xüsusilə də lider Əhməd Əş-Şəraanın problemlərlə üzləşdiyini və siyasi qruplar arasında anlaşılmazlıqların olduğunu qeyd edib.
Lavrovun sözlərinə görə, Suriya məsələsinin həlli üçün "bütün xarici oyunçuların səylərinin birləşdirilməsi lazımdır". O, həmçinin bildirib ki, "Rusiyanı, Çini və İranı Suriya məsələsində kənarda saxlamaq cəhdləri xoş niyyətə əsaslanmır" və bu, Qərbin öz rəqiblərini ikinci dərəcəli mövqelərə sıxışdırmaq niyyətindən xəbər verir.
Lavrov Qərbi tənqid edərək deyib: "Onlar nəyisə dağıtmağa, böhran yaratmağa və sonra nə baş verəcəyinə baxmağa vərdiş edib. Xüsusilə amerikalılar üçün okeanın o tayından bu prosesi müşahidə etmək maraqlıdır. Amma Yaxın Şərq oyun meydançası deyil və belə yanaşmaq olmaz". O, çıxışında Yaxın Şərqdə sülhün açarının Fələstin dövlətinin yaradılması olduğunu vurğulayıb.
Lavrov həmçinin İsrail və HƏMAS arasında atəşkəs və əsir mübadiləsi ilə bağlı ikinci mərhələdə problemlərin yarana biləcəyini qeyd edib: "Biz artıq siqnallar alırıq ki, ikinci mərhələ ilə bağlı çətinliklər olacaq və bəlkə də artıq başlayıb. İsrailin hakim dairələrindən belə mesajlar gəlir ki, HƏMAS ilk mərhələdə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyib, ona görə də heç bir variant istisna edilmir", - o, bildirib.
Lavrov bildirib ki, "Qəzzadakı böhran nəticəsində 46 min mülki fələstinli həlak olub, yaralıların sayı isə 100 min civarındadır". Onun sözlərinə görə, "Rusiya-Ukrayna münaqişəsi iki il yarım ərzində bundan iki dəfə az mülki şəxsin həyatına son qoyub, halbuki İsrailin Qəzzadakı müharibəsi cəmi 15 aydır davam edir".