"Bu ölkələr Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil..."
Rusiya ABŞ prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında görüşün keçirilməsi üçün Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini mümkün məkanlar kimi nəzərdən keçirir.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Rusiya mənbələrinə istinadən məlumat verib.
Məlumatına görə, son həftələrdə yüksək vəzifəli rusiyalı rəsmilər Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. Bununla yanaşı, mənbələrdən birinin sözlərinə görə, Rusiyada bu ideya ilə bağlı hələ də müəyyən narahatlıqlar mövcuddur, çünki bəzi diplomatlar və kəşfiyyat əməkdaşları bu iki ölkənin ABŞ-la sıx hərbi əlaqələrinə diqqət çəkir.
"Reuters"in qeyd etdiyi kimi, həm Tramp, həm də Putin Səudiyyə Ərəbistanı və BƏƏ liderləri ilə dostluq münasibətlərinə malikdir. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və BƏƏ Prezidenti Məhəmməd bin Zahid əl-Nəhayan Ukrayna müharibəsi boyunca neytrallıqlarını qoruyaraq, Rusiyaya qarşı tənqid və sanksiyalardan çəkinib.
Hər iki lider həmçinin Ukrayna prezidenti Vladimir Zelenski ilə mütəmadi əlaqələr saxlayır. Digər əhəmiyyətli bir məqam isə budur ki, bu ölkələrin heç biri Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil. "Reuters"in məlumatına görə, hazırda Rusiya mənbələri Türkiyəni mümkün görüş yeri kimi nəzərdən keçirmir.
Putin-Tramp görüşü- xəbərlər
Donald Tramp daha öncə onun administrasiyasının Ukrayna, Rusiya və "müxtəlif tərəflərlə" "görüşlər və danışıqlar" planlaşdırdığını bildirib.
"The Washington Post"un məlumatına görə, Tramp və Putin arasında gözlənilən telefon danışığı öncəsi hər iki tərəf öz mövqeyini qoruyur. Moskvada Trampın yaxın günlərdə Putinlə əlaqə saxlayacağı gözlənilsə də, rusiyalı rəsmilər Ukrayna müharibəsi ilə bağlı sərt mövqe tutur. Onlar ABŞ-Rusiya münasibətlərində ciddi bir irəliləyişin olacağına dair gözləntiləri azaldır.
"The Hill" nəşrinin eksperti qeyd edib ki, Putinə Tramp ilə "səs-küylü bir görüş" lazımdır ki, bu da onun həm ölkədaxili, həm də beynəlxalq mövqelərini gücləndirə bilər.
2018-ci ildə, Trampın ilk prezidentlik dönəmində, o və Putin Helsinkidə görüşüb. Rusiya hakimiyyəti daha öncə Finlandiya və İsveçrə kimi ölkələrin artıq Moskva üçün daha az məqbul olduğunu bəyan edib.
Finlandiya NATO-ya üzv olub, İsveçrə isə Avropa İttifaqının ardınca Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Bundan əlavə, Putin Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderi altında olduğu üçün bu məhkəmə ilə əməkdaşlıq edən ölkələrdə nəzəri olaraq həbs edilə bilər.