"Çin Kommunist Partiyasının kanal üzərində təsiri və nəzarəti ABŞ üçün təhdiddir..."
ABŞ-ın Dövlət katibi Marko Rubio Panama prezidenti Xose Raul Mulino qarşısında Panama kanalının gələcəyi ilə bağlı ultimatum irəli sürüb.
Moderator.az xəbər verir ki, bu barədə "gordonua.com" nəşri yazıb.
Dövlət Departamentinin məlumatına görə, Rubio Panama rəhbərliyinə ABŞ prezidenti Donald Trampın mövqeyini çatdırıb.
Tramp hesab edir ki, Çin Kommunist Partiyasının kanal üzərində təsiri və nəzarəti ABŞ üçün təhdiddir və Daimi Neytrallıq və İstismar Müqaviləsinin pozulmasıdır:
"Dövlət katibi Rubio açıq şəkildə bildirib ki, mövcud vəziyyət qəbuledilməzdir. Əgər dərhal dəyişiklik edilməzsə, o, ABŞ-ın Müqavilə çərçivəsindəki hüquqlarını qorumaq üçün tədbirlər görməsini tələb edəcək."
Rubio həmçinin qeyd edib ki, ABŞ və Panama qeyri-qanuni miqrasiyanın dayandırılması üçün sıx əməkdaşlıq etməlidir. O, Mulinoya birgə repatriasiya proqramına verdiyi dəstəyə görə təşəkkür edib. "Biz hər iki ölkəni daha təhlükəsiz, güclü və firavan etmək istəyirik", - Rubio vurğulayıb.
ABŞ Dövlət Departamentinin bəyanatında bu görüşün Trampın baxışına uyğun olaraq ABŞ-Panama strateji münasibətlərinin bərpasında mühüm addım olduğu bildirilib.
Tramp Panama kanalına nəzarət etmək istəyir
ABŞ prezidenti Donald Tramp daha öncə bildirib ki, Çin Panama kanalının fəaliyyətinə təsir göstərir. Tramp administrasiyası isə amerikalıların kanal üzərində nəzarəti bərpa etmək üçün güc tətbiq edə biləcəyini istisna etmir.
Panama rəhbərliyi bütün ittihamları rədd edərək bəyan edib ki, kanal üzərində nəzarət heç bir güzəştin nəticəsi deyil, illərlə davam edən mübarizənin nəticəsidir.