"Müasir Almaniya cəmiyyəti nasizmlə heç bir bağlılığı olmayan yeni nəsildir və Hitler dövrünə görə heç bir məsuliyyət daşımır..."
Putin Rusiya Federasiyasının Osvensimdəki anım mərasiminə dəvət olunmamasını şərh edib.
Moderator.az xəbər verir ki, bu barədə "svoboda.org" nəşri yazıb.
Kremlin saray jurnalisti, "Rossiya" telekanalının müxbiri Pavel Zarubin Rusiya prezidenti Vladimir Putinlə növbəti müsahibəsindən bir hissə yayımlayıb. Özünü haqlı qəzəb içində göstərən Zarubin Putindən soruşub ki, niyə Rusiya Federasiyası Osvensimin azad edilməsinin 80 illiyinə həsr olunmuş mərasimə dəvət edilməyib.
Zarubin tədbirdə böyük alman nümayəndə heyəti, "Hitlerin xidmətçiləri" olmuş ölkə təmsilçiləri və Ukrayna prezidenti Vladimir Zelenskinin iştirak etdiyini xatırladıb.
Putin bildirib ki, müasir Almaniya cəmiyyəti nasizmlə heç bir bağlılığı olmayan yeni nəsildir və tarixi yaddaşdan başqa, Hitler dövrünə görə heç bir məsuliyyət daşımır. Buna görə də onların hüquqları məhdudlaşdırılmamalıdır.
Daha sonra Kreml rəhbəri Avropada öz fikrini və dünya baxışını müdafiə edə biləcək şəxslərin olmadığını qeyd edib. O, belə siyasətçilər kimi Şarl de Qoll, Fransua Mitteran, Villi Brandt, Helmut Kol və Rusiyaya simpatiyası ilə tanınan Almaniyanın sabiq kansleri Gerhard Şröderin adını çəkib.
Putin iddia edib ki, Avropa İttifaqı siyasətçiləri Vaşinqtonun hər bir əmrinə tabe olur və ABŞ-da kəskin xarakterli yeni prezident Donald Tramp hakimiyyətə gəldikdən sonra tezliklə "sahibin ayağına yığışıb incəliklə quyruq bulayacaq".
Osvensim azad edildikdən 80 il sonra, yanvarın 27-də keçirilən anım mərasimi barədə danışan Putin təşkilatçıların Rusiya nümayəndə heyətini tədbirə dəvət etməmək qərarını "rüsvayçılıq" adlandırıb. Onun fikrincə, ən azı düşərgəni azad edən sovet əsgərləri və ya onların nəsilləri mərasimə dəvət olunmalı idi.
Putin Ukrayna nümayəndə heyətinin iştirakına etiraz edərək bildirib ki, Ukraynanın rəsmi şəxsləri "nasistlərə alqış edir" və Stepan Banderanı, "Holokost və yəhudilərin, rusların və polyakların kütləvi məhv edilməsinə görə şəxsən məsuliyyət daşıyan" bir şəxsi milli qəhrəman elan edib.
Putinin "nasistlərə alqışlar" ifadəsi ilə, çox güman ki, 2023-cü ilin sentyabrında Vladimir Zelenskinin Kanada parlamentinə səfəri zamanı baş verən hadisəyə işarə etdiyi ehtimal edilir. O zaman 98 yaşlı Yaroslav Qumkanı "Ukraynanın müstəqilliyi uğrunda vuruşmuş İkinci Dünya müharibəsi qəhrəmanı" kimi təqdim edərək onu alqışlamışdılar.
Sonradan məlum olub ki, o, nasist Almaniyasının SS qoşunlarının tərkibində olan 14-cü könüllü piyada diviziyasının üzvü olub. Hadisədən sonra Kanada baş naziri Castin Trüdo Vladimir Zelenskiyə rəsmi üzr göndərib, parlamentin spikeri isə istefa verib.
Xatırladaq ki, yanvarın 27-də Polşada keçirilən tədbirə Albaniya, Argentina, Avstraliya, Avstriya, İtaliya, İsrail, Fransa, Ukrayna, ABŞ, Böyük Britaniya və digər ölkələrdən ümumilikdə 60 xarici nümayəndə heyəti qatılıb. Tədbirdə 19 prezident, 11 hökumət başçısı, 14 monarx və kral ailələrinin üzvləri, nazirlər və diplomatlar iştirak edib.
Həmçinin Avropa Komissiyası, Avropa Parlamenti, Avropa Şurası, NATO, BMT və YUNESKO-nun nümayəndələri də tədbirdə yer alıb. Ümumilikdə mərasimdə təxminən 3 min insan iştirak edib. Osvensim muzeyinin açıqlamasına görə, Rusiya Ukraynaya qarşı təcavüzü səbəbindən tədbirə dəvət olunmayıb.