Dünya
286
01 Feb 2025 | 23:26

"Almaniyada miqrantlarla bağlı qanun layihəsi qəbul olunmayıb" - BBC

"Bu qanun layihəsi Avropa İttifaqının sığınacaq hüququ ilə bağlı qanunlarına ziddir..."
 
Almaniya Bundestaqında miqrasiya qanunlarının ciddi şəkildə sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi üzrə səsvermə keçirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, qanun layihəsini müxalifət alyansı Xristian Demokratlar və Xristian Sosial İttifaqı (XDİ/XSİ) müzakirəyə təqdim edib. Sənədi Almaniya Azad Demokratik Partiyasının (AzDP) deputatları, eləcə də ultra-sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının nümayəndələri dəstəkləyib.
 
Ümumilikdə, 338 deputat miqrasiya siyasətinin sərtləşdirilməsinə səs versə də, qanun layihəsi 350 səslə rədd edilib. Əleyhinə olanlar arasında Almaniya Sosial Demokrat Partiyası (ASDP) və "Yaşıllar" fraksiyasının deputatları üstünlük təşkil edib.
 
Almaniya xarici işlər naziri, "Yaşıllar" partiyasını təmsil edən Annalena Berbok qanun layihəsinin rədd edilməsini belə şərh edib:
 
"Avropa Almaniyaya baxır. Ötən çərşənbə günü ölkəmiz Avropaya, xüsusilə də Moskvaya hansı mənzərəni göstərib? Sevinc içində olan sağçı ekstremistlər, öz bəxtlərinə inanmayan deputatlar. AfD üzvləri isə gülümsəyir, tarixi günün xatirəsini əbədiləşdirmək üçün selfi çəkirdilər.”
 
Almaniya kansleri Olaf Şolts (ASDP) isə bəyan edib ki, qanun layihəsi Avropa İttifaqının sığınacaq hüququ ilə bağlı qanunlarına ziddir.
 
XDİ-in keçmiş lideri Angela Merkel hazırkı partiya sədri Fridrix Mersi sərt tənqid edib. Merkel xatırladıb ki, hələ 2024-cü ilin noyabrında Mers açıq şəkildə vəd verib ki, AfD deputatlarının Bundestaqda həlledici rol oynamasına imkan verməyəcək.
 
Lakin keçmiş kansler hesab edir ki, partiya sədri "sağçı populistlərin dəstəyindən" istifadə etməklə bu prinsipdən geri çəkilib.
 
Qanun layihəsi Almaniya ərazisində daimi sərhəd nəzarətinin tətbiqi, sığınacaq axtaran şəxslərin birbaşa sərhəddə ölkəyə buraxılmaması və ölkəni tərk etməli olan xarici vətəndaşların saxlanmasını nəzərdə tutub.
 
Bu təşəbbüsün ortaya çıxmasının əsas səbəbi yanvarın 22-də Bavariyanın Aşaffenburq şəhərində Əfqanıstandan olan bir şəxsin uşaqlara bıçaqla hücum etməsi olub.
Link kopyalandı!
Son xəbərlər