Rusiya Suriyanı tərk edəcək - Kreml üçün gözlənilməz tələb!
Dünya
447
10:45, Bu gün

Rusiya Suriyanı tərk edəcək - Kreml üçün gözlənilməz tələb!

“Rusiyanın Suriyada qalma ehtimalı o qədər də yüksək deyil. Hazırda Suriya və Rusiya arasında Rusiyanın hərbi bazalarının bu ölkədə qalması ilə bağlı müzakirələr davam edir. Həm Türkiyə, həm də Qərb ölkələri Rusiyanın Suriyada qalmasında qətiyyən maraqlı deyillər və böyük ehtimalla Rusiya Suriyadakı hərbi bazalarını çıxartmaq məcburiyyətində qalacaq”
Bunu Moderator.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Siyasi şərhçi hesab edir ki, Suriyanın keçid hökumətinin Rusiyadan təzminat istəməsi isə tamamilə haqlı və doğru bir addımdır:
 “Çünki Rusiya Suriyada törədilmiş hərbi və digər cinayətlərin hamısının iştirakçısı, Bəşər Əsədin törətdiyi bütün cinayətlərin şərikidir. Bəşər Əsəd rejiminə dəstək verməklə Rusiya Suriyada Bəşər Əsəd rejiminin törətdiyi bütün cinayətlərə şərik olub. Eyni zamanda, Rusiya Suriyada Bəşər Əsəd rejimi olmadan da cinayətlər törədib, orada hərbi bazaları mövcud olub və həmin hərbi bazaların fəaliyyəti Suriya əhalisinin həyatı hesabına başa gəlib. Rusiya tərəfindən hərbi əməliyyatlar keçirilib və günahsız insanlar həlak olub”.
Siyasi şərhçi Suriya hökumətinin hazırda Rusiyadan Bəşər Əsədi də geri istəməsi məsələsinə aydınlıq gətirib. O, Suriyanın  Bəşər Əsədin geri istənməsini Rusiya üçün bir qədər gözlənilməz xarakter daşıdığını vurğulayıb:
 “Çünki Kremldə hesab edirdilər ki, Suriyada Bəşər Əsədi unutmağa cəhd göstərəcəklər və onu yenidən tələb edib mühakimə eləmək niyyətinə yaxın vaxtlarda düşməyəcəklər. Çünki hələlik Suriyanın ərazi bütövlüyü bərpa olunmayıb. PKK və digər bir neçə qruplaşma buna müqavimət göstərir. Eyni zamanda, Suriyanın indiki problemləri tamamilə fərqlidir, sanksiyalar ləğv olunmayıb. Suriyaya qarşı və sosial iqtisadi vəziyyət olduqca ağırdır. Belə bir vaxtda Suriyadan Bəşər Əsədin tələb olunması Kreml üçün gözlənilməz olub. Ancaq göründüyü kimi, Suriyanın keçid hökuməti Bəşər Əsədi və onun cinayətlərini unutmayıb və Rusiyadan geri tələb edir. Əslində Rusiyanın özünün də Bəşər Əsəd kimi bəşəri cinayətkarı himayə edərək ona sığınacaq verməsinin  özü də dünya qarşısında siyasi bir cinayətdir. Çünki belə bir cinayətkarın yeri Rusiyada himayə olunmaq yox, məhkəmədir və o törətdiyi qanlı və qorxunc cinayətlərə görə mütləq cavab verməlidir. Rusiya illərlə Bəşər Əsəd rejimini hakimiyyətdə qorumaqla Suriya xalqına qarşı törədilmiş hərbi cinayətlərin şərikinə çevrilib. Eyni zamanda özü də ayrıca cinayətlər törədib və keçid hökumətinin tələb etdiyi təzminat bununla bağlıdır”.
E.Xalidbəyli onu da əlavə edib ki, Kremlin bu təzminatın qarşılığında hərbi bazalarını Suriyada qalmasını tələb etməsi absurd və məntiqsizdir:
“Suriya hökuməti Kremldən Rusiya hərbi bazalarının Suriyada qalmasına görə təzminat tələb eləmir. Suriyanın keçid hökuməti Rusiyadan Bəşər Əsədə dəstək verilməsi və bunun nəticəsində Suriyada çoxsaylı cinayətlərin törədilməsi, ölkənin dağıdılması, çökdürülməsi əvəzində Rusiyadan təzminat tələb edir. Əsas mübahisə mövzusu Suriya və Rusiya arasında ondan ibarətdir ki,  Rusiya Bəşər Əsədə verdiyi dəstəyi əsas gətirərək Suriyanın bir çox enerji resusları ilə bağlı müqavilələr əldə edib, həmin müqavilələrin davam etməsində maraqlıdır. Ancaq keçid hökuməti Bəşər Əsədin imzaladığı bir çox sazişləri ləğv edir və həmin sazişlərin ləğv olunma ehtimalı həddindən artıq yüksəkdir. Suriyanın enerji resursları qaynaqlarına nəzarət imkanlarının itirilməsi  Rusiya üçün artıq qaçılmazdır və bundan Kremldə ciddi şəkildə narahatdırlar. Belə anlaşılır ki, Rusiyanı tədricən Suriyadan tamamilə sıxışdırıb çıxaracaqlar və böyük ehtimalla hərbi bazalar da Suriyanı tərk etməli olacaq”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər