"Bu, 1945-ci ildə Ruzvelt, Stalin və Çörçillin keçirdiyi Yalta konfransınə xatırlada bilər..."
Tramp Rusiyanın əslində nə qədər zəif olduğunu anlayıb və buna görə də Moskva ilə deyil, Pekinlə böyük bir razılaşma əldə etməyin daha sərfəli olduğunu düşünür.
Moderator.az xəbər verir ki, bu barədə "Newsweek" nəşri yazıb.
Donald Trampın son aylarda Vladimir Zelenskini hədəfə almaqdan Kremlin qarşısına sərt ultimatumlar qoymağa keçməsi əslində heç də təəccüblü deyil. Tramp həmişə prinsipial mövqedən daha çox praqmatizmlə fərqlənib. İndi isə o, məhz Rusiyanın uduzan tərəf olduğunu hiss edib.
ABŞ-ın Yel Liderlik İnstitutunun analitikləri Ceffri Zonnenfeld və Stiven Tian nəşr üçün yazdıqları məqalədə qeyd edir ki, Tramp uduzan tərəflə eyniləşdirilməkdən hər vəchlə qaçmağa çalışır. Məhz buna görə də o, artıq Putinin "fəzilətlərini" tərifləməkdən imtina edib.
Bundan əlavə, Tramp tez-tez "parçala, hökm sür" strategiyasına əl atır. Hazırda da o, eyni taktikadan istifadə edərək Fransanı Almaniyaya, Britaniyanı Avropa İttifaqına, "Ford"u "General Motors"a qarşı qoyur və s. Görünür, Rusiya və Çin məsələsində də eyni yanaşmanı seçib.
"Elə bil ki, Çin və Rusiya arasında yarış başlayıb: kim Trampın timsalında ABŞ-la daha sərfəli razılaşma əldə edəcək?", - analitiklər qeyd edib.
Zonnenfeld və Tian ehtimal edir ki, Tramp Rusiyanın iqtisadi cəhətdən Çinlə müqayisədə "cırtdan" olduğunu anlayandan sonra bu ölkədən ciddi şəkildə məyus olub. Ola bilsin, məhz buna görə son vaxtlar Tramp əvvəllər ABŞ-ın baş düşməni kimi təqdim etdiyi Çin barədə daha yumşaq danışır.
"Əgər Tramp Ukrayna müharibəsinə nəyin bahasına olursa-olsun son qoymaq istəsəydi, artıq Ukraynanı təslim olmağa məcbur edərdi. Ancaq o, Putinin bəyanatlarını blef adlandırmaqla stavkanı artırır və bu, Trampın, hamıdan gözlənilmədən, Ukraynaya uzun müddətdir əldə edə bilmədiyi qələbəni qazandırması ehtimalını yaradır", - analitiklər yazıb.
Ukrayna müharibəsi və Tramp
Xəbər verildiyi kimi, ötən həftə Tramp sosial şəbəkələrdə sərt açıqlama yayaraq Putini sülh razılaşmasına gəlməyə və ya ağır iqtisadi nəticələrə hazır olmağa çağırıb. Ukrayna prezidenti Vladimir Zelenski Trampın bu mövqeyini "ədalətli və dürüst" adlandırıb.
Bununla belə, hamı ABŞ-ın yeni prezidentinin siyasətinə nikbin yanaşmır. "Bloomberg"in icmalçısı hesab edir ki, Tramp Putin və Si Tzsinpinlə "dünyanı bölüşdürmək" barədə razılığa gələ bilər. Bu, 1945-ci ildə Ruzvelt, Stalin və Çörçillin keçirdiyi Yalta konfransını xatırlada bilər.