Dünya
953
09:27, Bu gün

"Dəməşq Moskvanın təkliflərini təkəbbürlə rədd edib" - "Bloomberg"

"Suriya xalqının etimadının bərpası konkret addımlar-kompensasiyalar, yenidənqurma və bərpa tələb edir..."
 
Suriyanın yeni hakimiyyətinin nümayəndələri Bəşər Əsəd rejiminin süqutundan sonra Rusiya rəsmiləri ilə ilk danışıqlarda "kompensasiyalar" və "keçmiş səhvlərin düzəldilməsi" məsələsini qaldırıb.
 
Moderator.az xəbər verir ki, "Bloomberg" agentliyi xəbər verir.
 
Ötən gün Rusiyanın yüksək səviyyəli nümayəndə heyəti Dəməşqə gəlib. Onların arasında Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov, Rusiyanın Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, həmçinin Birləşmiş Taxıl Şirkəti və "STQ Engineering" şirkətinin təmsilçiləri olub. 
 
Rusiya nümayəndə heyətinin əsas məqsədi Suriyadakı iki iri hərbi bazası olan Tartus dəniz limanı və Latakiyaya yaxın Hmeymim aviabazasının Rusiyanın nəzarətində qalması üçün razılığa gəlmək olub.
 
Dəməşqin rəsmi hesabatında vurğulanır ki, "Suriya xalqının etimadının bərpası konkret addımlar-kompensasiyalar, yenidənqurma və bərpa" tələb edir. Bununla belə, kompensasiyaların məbləği və ya forması dəqiqləşdirilməyib.
 
"Münasibətlərin bərpası üçün keçmiş səhvləri düzəltmək, Suriya xalqının iradəsinə hörmət etmək və onun maraqlarına xidmət etmək lazımdır", - Suriyanın yeni hakimiyyətinin bəyanatında qeyd olunur.
 
Bəyanatda həmçinin Əsəd rejiminin qurbanları üçün "ədalət" tələb edildiyi bildirilir. Lakin bu ədalətin konkret nədən ibarət olduğu, xüsusilə maddi kompensasiyalar nəzərdə tutulubsa, hansı məbləğdə olduğu açıqlanmayıb. Həmçinin bəyanatda Rusiyanın Suriya ərazisində qalmasına həyati əhəmiyyət verən hərbi bazalar- Tartus və Hmeymim haqqında heç bir qeyd yoxdur.
 
Danışıqların nəticələri: "Vəziyyət mürəkkəbdir"
 
Danışıqlardan sonra rusiyalı diplomat Mixail Boqdanov Rusiya mediasına müsahibəsində "vəziyyətin mürəkkəb olduğunu" etiraf edib. "Rusiyanın Suriyadakı hərbi bazalarının gələcək taleyi əlavə məsləhətləşmələr tələb edir və tərəflər bu mövzuda dialoqu davam etdirmək barədə razılığa gəliblər", - Boqdanov bildirib.
 
O, əlavə edib ki, Rusiya "son həftələrdə baş verən hadisələr nəticəsində nə öz vətəndaşlarına, nə də obyektlərinə zərər dəymədiyi üçün minnətdardır və ümid edir ki, bu yanaşma davam edəcək". "Rusiya bazaları ilə bağlı hələlik heç nə dəyişməyib, bu məsələ əlavə danışıqlar tələb edir. Biz əməkdaşlığımızın bütün sahələri üzrə daha dərin məsləhətləşmələrin aparılmasına dair razılığa gəldik", - Rusiya nümayəndə heyətinin rəhbəri vurğulayıb.
 
Tartus və Hmeymim bazaları Rusiyanın Yaxın Şərqdəki hərbi gücünün əsas dayaq nöqtələridir. Tartus Aralıq dənizindəki logistikanı təmin edir, Hmeymim isə Afrikada hərbi əməliyyatlar üçün tramplin rolunu oynayır. Ekspertlər bildirir ki, bu bazaların itirilməsi Moskva üçün ağır zərbə olar.
 
Dekabr ayında Əhməd əş-Şaraa bildirib ki, Suriyanın yeni hakimiyyəti bütün ölkələrlə yaxşı münasibətləri qorumağa çalışacaq. Həmin vaxt o, Rusiyanın Suriyanı tərk etməyəcəyini açıq şəkildə ifadə edib. Lakin yanvarın 19-da Suriyanın yeni administrasiyası Rusiyadan, İrandan və İsraildən malların idxalını qadağan edib və bu ölkələrdən gələn məhsulların müsadirə olunacağını elan edib.
 
Türkiyə Moskvanı sıxışdırır
 
Rusiyanın Suriyadakı ənənəvi rəqibi olan Türkiyə öz təsirini gücləndirməkdədir. İki türk rəsmisi bildirib ki, Suriyanın yeni rəhbərliyi Rusiya hərbi bazalarının qalmasına razı olmayacaq, çünki Rusiya Hərbi- Kosmik Qüvvələri vətəndaş müharibəsi zamanı müxalifət mövqelərinə ağır zərbələr endirib.
 
Bundan başqa, Ankara Dəməşqə hərbi dəstək- silah tədarükü və təlimlər təklif edib. Türkiyə belə bir dəstəyin zəruri olduğunu vurğulayıb, çünki Əsəd rejiminin süqutundan sonra Suriyanın hərbi potensialı İsrailin hava hücumları nəticəsində ciddi zəifləyib.
 
Yanvarın 23-də Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla telefon danışığı aparıb. Moskva və Ankara "Suriya məsələsində və digər regional problemlərlə bağlı yaxın əlaqələri qorumaq barədə" razılığa gəlib.
 
Yanvarın 28-də "Azadlıq Radiosu"nun araşdırmaçı jurnalistləri Tartus limanının peyk görüntülərini təhlil edib. Yüksək keyfiyyətli peyk şəkilləri Rusiyanın Suriyadan hərbi texnikasını çıxardığını təsdiqləyir.
Link kopyalandı!
Son xəbərlər