Dünya
418
24 Jan 2025 | 22:21

"Putinə təcili olaraq müharibənin başa çatması yox, yeni formatı lazımdır" - "Foreign Affairs"

"Rusiyanın qəti qələbəsi kimi görünməyən hər hansı sülh diktatorun hakimiyyətini çökdürməklə təhdid edir..."
 
Ukrayna cəbhəsində müəyyən ərazi irəliləyişlərinə və hələlik iqtisadiyyatın ümumi sabitliyinə baxmayaraq, Rusiya strateji dalana dirənib. Rusiyalı diktator Vladimir Putinin Qərblə qarşıdurmanın xarakterini dəyişdirməkdə maraqlı olduğu ehtimal edilir.
 
Moderator.az xəbər verir ki, bu barədə Finlandiya Beynəlxalq Münasibətlər İnstitutunun Elmi-Məsləhət Şurasının üzvü Andrey Kolesnikov "Foreign Affairs" nəşri üçün müəllif məqaləsində qeyd edir.
 
O, vurğulayır ki, kobud hərbi gücə əl atmaqla Putin "yumşaq gücünü" itirib və indi Rusiyanın keçmiş SSRİ ərazisindəki təsiri zəifləyir. NATO-nu Rusiyanın sərhədlərindən uzaq tutmaq istəyi barədə danışan Putin, əksinə, ittifaqın genişlənməsinə təkan verib və buna qonşu Finlandiya da daxil olub. Bununla yanaşı, Rusiya müharibəyə həddindən artıq xərclərin iqtisadi nəticələrini daha çox hiss edir.
 
"Ölkəni bu qədər uzağa aparandan sonra Putin və onun komandasının geriyə dönə biləcəyi məlum deyil. İqtisadiyyatın hərbiləşdirilməsinin dayandırılması və cəmiyyətin demobilizasiyası onun hakimiyyətini dəstəkləyən sistemi zəiflətmək riski daşıyır", - Kolesnikov yazır.
 
Analitikin fikrincə, Putin rejimi dəstəkləmək üçün ictimai fikri səfərbər etməyə davam edəcək, lakin bütün siyasi və iqtisadi sistemin sabitliyini sarsıdan təhlükəli xərclərdən uzaq olan bir müharibə lazımdır.
 
"Putin üçün xüsusi əməliyyatı başa çatdırmaq onun davam etdirilməsindən daha baha başa gələcəyinə rəğmən, bir çıxış yolu var: o, Qərbə qarşı daimi müharibəni isti deyil, soyuq usullarla davam etdirə bilər. Əsas olan hətta qismən məğlubiyyət hissindən qaçmaqdır", - analitik hesab edir.
 
Bununla yanaşı, Kolesnikov qeyd edir ki, Rusiya Ukraynanı tamamilə işğal etmək üçün yetərli maddi və demoqrafik resurslara malik deyil. Ukrayna olmadan isə Putin can atdığı Rusiya imperiyasının bərpası barədə heç bir söhbət gedə bilməz.
 
Ukraynada müharibə: strateji perspektivlər
 
Xəbər verildiyi kimi, Finlandiya prezidenti Ukraynanın qələbə çala biləcəyi üç mərhələni açıqlayıb. Birinci mərhələ Ukraynaya Qərbin dəstəyinin bütün formalarının gücləndirilməsidir. İkinci mərhələ Rusiya ilə sülh danışıqlarıdır. Üçüncü mərhələ isə ölkənin ərazi bütövlüyünün bərpası olacaq.
 
Həmçinin xəbər verilir ki, NATO-nun sabiq baş katibi Yens Stoltenberqin fikrincə, Ukraynadakı müharibəni bu il başa çatdırmaq tamamilə mümkündür. Lakin bunun üçün Qərb Rusiyaya təzyiq göstərməyə davam etməlidir.
Link kopyalandı!
Son xəbərlər