"Tramp ilə Putinin mümkün görüşü artıq bir müddətdir ki, müzakirə edilən əsas məsələlərdən biridir. Bu görüşün mümkün nəticələri istisnasız olaraq Rusiya-Ukrayna müharibəsinin taleyini həll edəcək əsas məqam ola bilər. Ona görə də, iki lider arasında münasibətlərin müsbət istiqamətdə davam etməsi qlobal sistemi arzuolunan nəticəyə daha sürətli yaxınlaşdıra bilər. Təbii ki, arzuolunan nəticə deyəndə ilkin mərhələdə tərəflər arasında atəşkəsin əldə edilməsi başlıca hədəf olaraq ifadə edilməlidir. Uzunmüddətli hədəfdə müharibəyə son qoyulması isə gələcək görüşlərin intensivliyindən və qəbul ediləcək qərarların icra mexanizminin uğurlu olub-olmamasından asılı ola bilər".
Bunu Oxu.Az-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.
O bildirib ki, indiki məqamda Tramp-Putin görüşü labüd xarakter daşıyır:
"Çünki artıq üç ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsi bir daha göstərdi ki, beynəlxalq sistemdə, xüsusilə də Qərb periferiyasında Rusiyaya qarşı yekdil mövqe olmadığı üçün hədə ritorikası və ya Kiyevin silahlandırılması hərbi əməliyyatları bitirmək üçün yetərli deyil. Ona görə də, mütləq şəkildə tərəflər arasında danışıqlar bərpa olunmalıdır".
"Nəticə etibarilə, Rusiya-Ukrayna müharibəsinin yekunları birmənalı şəkildə yeni dünya nizamının formalaşmasına və sürətli şəkildə davam edən hərbi-siyasi bloklaşmada tərəflərin mövqeyinin güclü və ya zəif şəkildə ifadə olunmasına təsir edəcək ən mühüm məsələ olaraq dəyərləndirildiyi üçün, digər qlobal problemlərin həllinə də təsirsiz olmayacaq", - deyə analitik əlavə edib.
"Cənubi Qafqaz" politoloqlar klubunun təsisçisi İlqar Vəlizadə də Donald Tramp ilə Vladimir Putinin görüşəcəyi qənaətindədir. O, Oxu.Az-a açıqlamasında bildirib ki, bu görüşün bir çox regionlara, ilk növbədə isə Ukrayna ətrafında gedən proseslərə və Rusiyanın Qərblə münasibətlərinə təsiri olacaq:
"Çox güman ki, digər məsələlər, xüsusilə də Uzaq Şərqdəki proseslər müzakirə obyektinə çevriləcək. Rusiya-ABŞ münasibətlərinin inkişafı bizim regionumuza da təsirsiz ötüşməyəcək. Bu da ondan xəbər verir ki, həmin görüşdə ola bilər ki, yeni dünya və münaqişənin həlli yolları müzakirə olunsun. Hər halda buna ehtiyac var. Çünki yeni qaydalar müəyyən olunmalıdır. Düzdür, beynəlxalq hüquq var, amma görünən odur ki, beynəlxalq hüququ heç kəs nəzərə almır. Ona görə də yeni oyun qaydaları müəyyən olunmalıdır və yeni "Potsdam Konfransı"na ( Almaniyanın Postdam şəhərində keçirilmiş İkinci Dünya müharibəsinin nəticələrinə dair konfrans) bənzər razılaşmalar meydana gələ bilər. Hərçənd, indi 1945-ci il deyil, başqa ölkələr də müxtəlif proseslərə öz münasibətlərini göstərirlər. Ona görə də çox güman ki, yeni həll yolunun müəyyən edilməsində Rusiya və ABŞ-dən başqa digər ölkələr də iştirak edəcəklər. Bu proses necə cərəyan edəcək, onu da zaman göstərəcək. Sadəcə, Putinlə Trampın görüşü bu prosesdə atılan ilk addım ola bilər".