Qırğızıstanın strateji Bişkek-Oş avtomobil yolunda 7 avtomobil qar uçqununa düşüb.
Moderator.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə Respublika Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
"Çuy vilayətinin Jayıl rayonunda, Bişkek-Oş avtomobil yolunun 132-ci kilometrliyində həcmi təxminən 3500 kubmetr olan qar uçqunu altı minik avtomobilini, həmçinin bir "Sprinter" mikroavtobusunu vurub. Nəqliyyat vasitələrindən biri tamamilə qarın altında qalıb", - məlumatda deyilir.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri qar altında qalmış avtomobildən 4 nəfəri çıxarıblar. Zərərçəkənlər arasında huşunu itirmiş qadın da var. O, təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Digər avtomobillərdə olan sürücülər və sərnişinlər özləri maşınlarından düşə biliblər.
Mətbuat xidmətindən əlavə ediblər ki, hazırda hadisə yerində yolun təmizlənməsi üçün aktiv iş aparılır. "Aral" və "Sosnovka" keçid məntəqələrində avtonəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.