"Conson və Makron kimi xəyalpərəstlər başqalarının pulları və həyatları hesabına Uniston Çörçill olmaq istəyir..."
Bennon Trampın inauqurasiya nitqində müharibəni tez bir zamanda bitirəcəyini bəyan etməsi üçün qətiyyətlə lobbiçilik edir.
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşrinə müsahibəsində Trampın sabiq baş strateqi Stiv Bennon bildirib.
Bennon xəbərdarlıq edib ki, Donald Tramp Ukrayna ilə münasibətlərdə uğursuzluğa düçar ola bilər və Vladimir Putinin müharibəsinə daha dərindən cəlb edilə bilər. Bu vəziyyət Riçard Niksonun Vyetnamdan qoşunları çıxarmaq cəhdlərinə görə zərər gördüyü vəziyyəti xatırladır.
Nəşr qeyd edir ki, Bennon Ukraynaya həyati əhəmiyyətli hərbi yardımın dayandırılmasını müdafiə edir. O, keçmiş rəhbərinin ABŞ müdafiə sənayesi, avropalılar və hətta onun bəzi dostları, o cümlədən Trampın Ukrayna və Rusiya üzrə xüsusi elçi postuna seçdiyi Kit Kelloq tərəfindən yaradılmış tələyə düşəcəyindən ehtiyat edir.
"Əgər biz ehtiyatlı olmasaq, bu, Trampın Vyetnamına çevriləcək. Riçard Niksonla da məhz bu baş verib. Sonda o, müharibənin sahibi olub və müharibə Lindon Consonun müharibəsi deyil, onun öz müharibəsinə çevrilib", - Bennon bildirib.
Qeyd edilir ki, Kelloq müharibəni dayandırmaqla bağlı hər hansı razılaşmanın Ukraynanın təhlükəsizliyinə etibarlı zəmanətləri əhatə etməli olduğunu vurğulayıb ki, Rusiya bir daha işğala cəhd etməsin. O, Moskvaya təzyiq göstərmək və onu layiqli bir razılaşmaya məcbur etmək üçün ABŞ-ın hərbi yardımını davam etdirməyin vacibliyini qeyd edib.
Kelloqla dostluğuna baxmayaraq, Bennon hesab edir ki, belə gecikmələr ABŞ-ın qalib gəlmək mümkün olmayan və ölkənin milli maraqlarına cavab verməyən bir qarşıdurmaya cəlb olunmaq riskini artırır.
O, pərdəarxasında Trampın inauqurasiya nitqində müharibəni tez bir zamanda bitirəcəyini elan etməsi üçün qətiyyətlə lobbiçilik aparır. Bennonun sözlərinə görə, Tramp Ukrayna lideri Vladimir Zelenskiyə deməlidir:
"Şəhərdə yeni şerif var və biz bir razılaşma əldə edəcəyik, həm də bunu tez bir zamanda edəcəyik". O, Zelenskiyə Trampın İsrailin baş naziri Benyamin Netanyahunu HƏMAS-la əsirlərin dəyişdirilməsi müqabilində atəşkəs sazişinə razı saldığına diqqət yetirməyi tövsiyə edib.
Bennon 2025-ci ili Franklin
Ruzveltin ilk dəfə prezident seçildiyi və Yeni Kursa başladığı 1932-ci illə müqayisə edib. O, Trampı diqqətdən yayındırıb öz xeyrinə sazişlər bağlaya biləcək yeni texnoloji milyarderlərdən, o cümlədən açıq mübahisələr apardığı İlon Maskdan ehtiyat edir.
O, avropalılar və transatlantik alyans barədə sərt şəkildə danışıb: "Əgər NATO-ya baxsanız, avropalıları döyüşməyə hazır olan iki döyüş diviziyasına birləşdirə biləcəyini düşünmürəm. Avropa erkən təqaüdə və tam tibbi təminata keçib, çünki onlar öz müdafiələri üçün ödəniş etmir".
Bununla belə, Bennon Rusiya liderinin də pərəstişkarı olmadığını vurğulayıb.
"Putin pis adamdır. O, çox pis adamdır. DTK-da olanlar pis adamlardır. Amma mən gecələr Rusiyanın Avropaya təsiri ilə bağlı narahat olub yatmıram. Birincisi, onların ordusu hələ Kiyevə çatmayıb. Üç ilə yaxın vaxt keçsə də, bunu bacarmayıblar. Hətta Xarkovu da tuta bilməyiblər. Bilirsiniz, mən niyə yatmıram? Çünki avropalılar yatmır. Onlar Rusiyanı real təhlükə hesab etmir. Əgər belə olsaydı, oyuna daha çox pul və qoşun qoyardılar", - Bennon əlavə edib.
Onun fikrincə, Ukrayna müharibəsi son bir neçə ildə Avropanın başlıca uğursuzluğudur.
"Ukraynalıların bir milyonu ya öldürülüb, ya da yaralanıb. Ən yaxşı halda, biz üç il əvvəl başlanğıc nöqtəsinə geri dönəcəyik. Bunun səbəbi isə Boris Conson, Emmanuel Makron kimi xəyalpərəstlərin öz müdafiələrinə pul xərcləməkdən imtina etməsidir. Onlar böyük liderlər kimi görünmək istəyir. Hamısı başqalarının pulları və həyatları hesabına Uinston Çörçill olmaq istəyir", - Bennon vurğulayıb.