"Bu, 1980-2015-ci illərdə tətbiq olunan "Bir ailə-bir uşaq" siyasəti və sürətli urbanizasiya ilə əlaqələndirilir..."
Çinin əhalisinin sayı, hakimiyyətin ailələri daha çox uşaq sahibi olmağa təşviq etmək cəhdlərinə baxmayaraq, ardıcıl olaraq üçüncü ildir ki, azalır.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Ekspertlər bildirir ki, dünyanın ikinci ən böyük iqtisadiyyatı işçi qüvvəsi və istehlakçıların azalması səbəbindən çətinliklərlə üzləşəcək.
Agentliyin Milli Statistika Bürosunun məlumatlarına istinadən verdiyi xəbərə görə, 2024-cü ilin sonuna Çinin əhalisi 1,39 milyon nəfər azalıb və indi 1,4 milyarddan bir qədər çoxdur. Təbii mənfi artım Çində ardıcıl olaraq üçüncü ildir ki, qeydə alınır.
2024-cü ildə Çində doğumların sayı 9,54 milyon nəfər (2023-cü ildə 9,02 milyon), ölənlərin sayı isə 10,93 milyon nəfər (2023-cü ildə 11,1 milyon) olub. Həmçinin 60 və daha yuxarı yaşda olan şəxslərin sayı artaraq 2023-cü ildəki 296,97 milyondan 2024-cü ildə 310,31 milyona çatıb.
Bu məlumatlar ekspertlərdə narahatlıq doğurur, çünki dünyanın ikinci ən böyük iqtisadiyyatı işçi qüvvəsi və istehlakçıların azalması səbəbindən çətinliklərlə üzləşə bilər. "Reuters" yazır ki, artan yaşlılara qayğı və pensiya təminat xərcləri, çox güman ki, artıq borcla yüklənmiş yerli hökumətlərə əlavə yük yaradacaq.
Çində doğum səviyyəsi onilliklərdir aşağı düşür. Bu, 1980-2015-ci illərdə tətbiq olunan "Bir ailə - bir uşaq" siyasəti və sürətli urbanizasiya ilə əlaqələndirilir. "Reuters" qeyd edir ki, qonşu Yaponiya və Cənubi Koreyada olduğu kimi, Çində də bir çox insan kənd təsərrüfatı təsərrüfatlarından şəhərlərə köç edib. Şəhərlərdə uşaq böyütməyin daha bahalı olması, uşağa qullyq və təhsilin yüksək xərcləri, işlə bağlı qeyri-müəyyənlik və iqtisadi ləngimə gəncləri evlənməkdən və ailə qurmaqdan çəkindirir.
Demoqrafların fikrincə, bu problemlərin dərinləşməsinə gender ayrı-seçkiliyi və qadınların ev işləri ilə məşğul olacağına dair ənənəvi gözləntilər də təsir göstərib.
"Çində əhalinin sayının azalması, əsasən, köklü struktur səbəblərlə bağlıdır. Sosial təminat sisteminin yaxşılaşdırılmasından tutmuş gender ayrı-seçkiliyinin aradan qaldırılmasına qədər fundamental struktur dəyişiklikləri olmadan əhalinin azalması tendensiyasını geri çevirmək mümkün deyil" - bunu Miçiqan Universitetinin sosiologiya kafedrasının dosenti Yun Çjou "Reuters"ə bildirib.
Çin hökuməti əhalini daha çox uşaq sahibi olmağa təşviq etməyə çalışır və keçən il doğum səviyyəsini artırmaq üçün bir sıra tədbirlər təqdim edib. Belə ki, dekabr ayında hakimiyyət universitetləri tədris proqramlarına sevgi, evlilik, məhsuldarlıq və ailəyə müsbət baxışları vurğulamaq üçün "sevgi təhsili"ni daxil etməyə çağırıb. Noyabr ayında isə Dövlət Şurası yerli hökumətləri doğum və evliliyə "uyğun yaşda" hörmətli münasibəti təbliğ etməyə təşviq edib.
Bundan əlavə, hökumət gənc ailələrə vergi güzəştləri, daha ucuz mənzillər və nağd vəsait təklif edir. Şəhərlər ekstrakorporal mayalanma xərclərini qarşılayacağını və bəzi bölgələrdə tək anaları cəzalandıran məhdudiyyətlərin aradan qaldırılacağını vəd edir, bu barədə "New York Times" nəşri yazıb.
Doğum səviyyəsinin davamlı azalması səhiyyə, təhsil və hətta istehlak bazarına ciddi təsir göstərir. Qəzet qeyd edir ki, bir çox uşaq qidası istehsalçıları indi yaşlılar üçün kalsium və selen ilə zəngin kokteyllər istehsal etməyə məcburdur, onlarla özəl doğum evləri və ana-uşaq klinikaları isə bağlanıb.