Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ prezidenti Donald Trampın administrasiyası yanvarın 21-də, onun andiçmə mərasimindən bir gün sonra Çikaqoda genişmiqyaslı immiqrasiya reydinin keçirilməsini planlaşdırır.
Moderator.az bu barədə "Wall Street Journal" dörd mənbəyə istinadən xəbər verib.
Bildirilir ki, antiimmiqrasiya reydi bütün həftə davam edəcək. Reydin keçirilməsi üçün ABŞ-nin İmmiqrasiya və Gömrük Polisi 100-200 əməkdaş cəlb edəcək.
Reydin hədəfi təqib üçün çox ciddi olmayan sürücülük qaydalarını və digər qanunları pozan cinayət keçmişi olan qeyri-qanuni miqrantlar olacaq.
Nyu-York Miqrasiya Tədqiqatları Mərkəzinin qiymətləndirməsinə görə, ABŞ-də ən çox qeyri-qanuni miqrant Kaliforniya ştatında yaşayır (2022-ci ildə 2.2 milyon). Onun ardınca Texas (1.8 milyon), Florida (936 min), Nyu-York (672 min), Nyu-Cersi (495 min) və İllinoys (429 min) gəlir.
Daxili Təhlükəsizlik Nazirliyinin hesablamalarına görə, 2022-ci ildə qeyri-qanuni miqrantların təxminən yarısı (11 milyondan 4.8 milyonu) ABŞ-yə Meksikadan gəlib. Liderlər arasında, həmçinin, Qvatemala, Salvador və Honduras var. Nazirliyin məlumatına görə, 2022-ci ildə qeyri-qanuni gələnlərin əksəriyyəti (11 milyondan 8.7 milyonu) 18-54 yaş arasında olub.