Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq müqaviləsi imzalandı
Dünya
669
17 Jan 2025 | 18:40

Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq müqaviləsi imzalandı

"Müqavilə iki ölkə arasında müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığı özündə ehtiva edir..."
 
Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian Moskva danışıqlarının yekunu olaraq hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilə imzalaylb.
 
Moderator.az xəbər verir ki, bu barədə "moscowtimes.ru" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, bu yeni sənəd 2001-ci ildən qüvvədə olan əlaqələr haqqında əsas müqaviləni əvəz edəcək. Müqavilənin hazırlanmasına 2022-ci ildən başlanılıb və mətn 2024-cü ilin iyununda razılaşdırılıb. Kremlin məlumatına görə, bu sənəd Rusiya-İran əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsini əks etdirir.
 
Yanvarın 11-də İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib ki, müqavilə preambula və iki ölkə arasında bütün əsas sahələrdə əməkdaşlığı tənzimləyən 47 maddədən ibarətdir və növbəti 20 il üçün nəzərdə tutulub.
 
Cəlalinin sözlərinə görə, sənəd Tehranı hər hansı bir ittifaqa qoşulmağa məcbur etmir. İran xarici işlər naziri Abbas Araqçı əlavə edib ki, müqavilə müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq aspektlərini özündə ehtiva edir, lakin hərbi ittifaq yaradılmasını nəzərdə tutmur.
 
Putin imzalanmış müqaviləni "irəliləyiş" adlandırıb və onun ikitərəfli tərəfdaşlığın möhkəmləndirilməsinə yönəlmiş iddialı məqsədləri ehtiva etdiyini vurğulayıb.
 
İranla müqavilənin imzalanması Rusiyanın 2024-cü ildə imzaladığı bir sıra strateji razılaşmaları tamamlayır. İyun ayında KXDR ilə hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Bu sənəd tərəfləri hücum olacağı təqdirdə qarşılıqlı hərbi yardım göstərməyə məcbur edir.
 
Dekabr ayında isə Belarus ilə İttifaq Dövləti çərçivəsində təhlükəsizlik zəmanətləri haqqında müqavilə imzalanıb. Bu saziş İttifaq Dövlətinə təhlükə yaranacağı təqdirdə, Belarusda yerləşdirilmiş bütün qüvvələrdən, o cümlədən taktiki nüvə silahlarından istifadə edilməsini nəzərdə tutur.
 
"The Times" qəzetinin məlumatına görə, Məsud Pezeşkianın Moskvaya səfərindən öncə İranın Ali dini liderinin müşaviri Əli Laricani Rusiyada məxfi görüşlər keçirib. O, Rusiyanın İranın nüvə proqramının inkişafında və hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsində kömək məsələlərini müzakirə edib.
 
Kəşfiyyat mənbələri hesab edir ki, İranın raket və pilotsuz uçan aparat tədarükündən asılı olan Rusiya Tehranı nüvə ambisiyalarında dəstəkləyərkən əvvəl müəyyən edilmiş "qırmızı xətləri" poza bilər.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər