"Bu dəfə əsas hədəf Rusiyanın müdafiə sənayesi sektorudur..."
Yeni sanksiya paketi ötən həftə Rusiyanın neft ixracına vurulan zərbə ilə müqayisə edilə biləcək miqyasda olsa da, bu dəfə əsas hədəf Rusiya müdafiə sənayesidir.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Məlumatı "informator.ua" nəşri yayıb.
ABŞ Rusiyanın Ukraynaya qarşı qanunsuz müharibəsi ilə bağlı təxminən 250 fiziki və hüquqi şəxsə qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalara, əsasən, hərbi-sənaye sektorunun müəssisələri, onların təchizatçıları (o cümlədən Çin və Türkiyədən olanlar), maliyyə qurumları və "Rosatom" korporasiyasının törəmə şirkətləri hədəf alınıb.
Beləliklə, Dövlət Departamentinin qərarı ilə əvvəlki sanksiyalardan yayınmaqda iştirak edən 150-dən çox fiziki və hüquqi şəxs sanksiya siyahısına əlavə edilib. Buraya xüsusilə Çin Xalq Respublikasında yerləşən şirkətlər daxildir.
ABŞ Maliyyə Nazirliyi paralel olaraq maliyyə xidmətləri, enerji, müdafiə və əlaqəli logistika sektorlarına dair əvvəlki təxminən 100 sanksiyanı yenidən təyin edib. Nazirlik həmçinin maliyyə sanksiyalarından yayınma sxemlərində iştirak edən təşkilatları müəyyənləşdirib.
Sanksiyalar çərçivəsində Çin mənşəli aviasiya mühərrikləri və onların komponentləri, sənaye dəzgahları, elektron komponentlər, servomühərriklər, elektrik akkumulyatorları, rulmanlar, rabitə sistemləri üçün komponentlərin tədarükçüləri hədəf alınıb. Bu məhsullar Rusiya tərəfindən idarə olunan aviasiya bombalarında, ZALA və "Lancet" pilotsuz uçuş aparatlarında və digər silah növlərində istifadə edilib.
Bundan əlavə, Dövlət Departamenti Rusiyanın hərbi-sənaye bazası və enerji sektoru üçün kritik əhəmiyyət kəsb edən metal tullantılarının emalı, alüminium və boru istehsalı ilə məşğul olan ən böyük müəssisələrə qarşı sanksiyalar tətbiq edir. Bu müəssisələr Rusiyanın gəlir əldə etməsində mühüm rol oynayır.
Sanksiya siyahısına daxil edilənlər arasında "Zaparojye AES Federal Dövlət Unitar Müəssisəs" də var. Bu təşkilat 2022-ci ilin oktyabrında Rusiya Federasiyası prezidentinin fərmanı ilə Ukraynanın Zaporoje Atom Elektrik Stansiyasına qanunsuz olaraq sahiblik hüququ iddia etmək məqsədilə yaradılıb. Həmçinin, bu təşkilatın baş direktoru Vladislav İsayev də sanksiyalara məruz qalıb.
10 yanvar tarixli neft sanksiyaları
Xatırladaq ki, yanvarın 10-da ABŞ Rusiyaya qarşı yeni genişmiqyaslı sanksiyalar paketi elan edib. Bu sanksiyalar Rusiya neft ixracına yönəlib. Xüsusilə "kölgə donanması"na aid 180-dən çox neft tankeri, iki iri Rusiya neft şirkəti və həmin tankerləri sığortalayan şirkətlər sanksiyalar altına düşüb.
"Bloomberg" nəşrinin qiymətləndirməsinə görə, bu sanksiya paketi indiyə qədər tətbiq edilən ən güclü tədbirlərdən biri olub və Rusiya neftinin ixracına əvvəlki bütün sanksiyalardan daha ciddi zərər verə bilər.