“2014-cü ilin iyulunda ABŞ ilə İran arasında əldə olunan razılaşma, Yaxın Şərqdəki siyasi mənzərənin ciddi şəkildə dəyişməsinə səbəb olmuşdur. Bu razılaşma, İranın regionda daha hakim mövqe tutmasına imkan yaratmış, eyni zamanda müsəlman ölkələrinin parçalanması və yox edilməsi məqsədini güdən genişmiqyaslı planın bir hissəsi kimi görülmüşdür. Həmin razılaşmadan sonra Yaxın Şərqdəki müharibələr və qarşıdurmalar sürətlənmiş, İraqın parçalanmasından Yəmənə qədər bir çox bölgədə qanlı hadisələr baş vermişdir. İran, bu qarşıdurmalarda əsas qüvvələrindən biri olmuş və bu müddət ərzində milyonlarla insanın həyatını itirməsi və öz yurdlarından didərgin düşməsinə səbəb olmuşdur”
Bu fikirləri Moderator.az-a açıqlamasında türkiyəli ekspert Hüsaməttin İnaç deyib.
Politoloq xatırladıb ki, İranın keçmiş prezidenti Mahmud Əhmədinejad, bu faktı nəzərə alaraq, "Biz olmasaydıq, ABŞ Əfqanıstan və İraqı işğal etməzdi" deyə bildirmişdi. Bu sözlər, İranın regiondakı müdaxilələrinin və geosiyasi maraqlarının nə qədər dərin olduğuna işarə edir:
"27 noyabrda başlayan 8 dekabra qədər davam edən inqilabi hərəkatda ən çox zərər çəkən ölkə, müharibəni qızışdıran və Suriyanın dövlət olmasına mane olan İran olmuşdur. Bu müddət ərzində İran, Suriyada siyasi balansı dəyişdirmək və öz nüfuzunu qorumaq məqsədilə hərbi müdaxilələr etmiş, buna görə də böyük itkilərə məruz qalmışdır. İranın Suriyadakı məğlubiyyəti, onu bölgədəki təsirini artırmaq üçün yeni yollar axtarmağa məcbur etmişdir. Məğlubiyyətini həzm etməyən İran bunun əvəzini çıxartmağa çalışır. Ona görə də bu mənada, xüsusən də İranla İsrailin Suriya planı ortaqdır və birlikdə hərəkət edirlər. Bu plana görə Suriya müstəqil dövlət olmamalı və bölməlidir. İran etnik-dini məzhəb ayrı-seçkiliyi səbəbindən Suriyanın güclü xalqın iradəsini əks etdirən suveren ərazi bütövlüyünə malik ölkəyə çevrilməsinə mane olur. Ona görə də burada əsas başlıca amil İsrailin təhlükəsizliyini təmin etməkdir. İran da, yenidən bölgədə söz sahibi olmağa çalışır. Çünki İran Suriyanın daxilində görünməsə də bölgədə qalmaqda davam edirlər".