"Maraqlı məzmun yaradan istidafəçilər sensurasız azadlığı təmin edən digər platformalara keçib..."
"Meta" şirkətinin sahibi Mark Zukerberq senzura siyasətindəki dəyişikliklərlə bağlı "Instagram"da etdiyi açıqlamanı davam etdirərək, amerikalı aparıcı Co Roqanın podkastında iştirak edib və dünyagörüşündəki dəyişiklikləri izah edib.
Moderator.az xəbər verir ki, bu barədə "habr.com" nəşri məlumat yayıb.
Bu üç saatlıq müsahibə "Facebook"un son onillikdə tətbiq etdiyi bütün senzura siyasətinə bir növ tövbə kimi qiymətləndirilə bilər. Bu illər ərzində istifadəçi məzmunu üzərində nəzarət, demək olar ki, Oruel kitablarını xatırladan səviyyələrə çatıb.
Avtomatik "nəzarətçilər" administrasiyanın kobud, təhqiredici, irqçi və s. hesab etdiyi ifadələrə rast gələn andaca cari ictimai problemlərlə bağlı öz fikirləri bildirən istifadəçilərin hesablarını bloklayıb.
Xüsusi işə götürülmüş xarici şirkətlər "faktların yoxlanışı" ilə məşğul olub, paylaşılan yazıların "həqiqiliyini" təsdiqləyib və "yalan məlumatlar" yayıldığı halda, istifadəçilərin hesablarını əvvəlcə müvəqqəti, sonra isə "təkrarlanma" hallarında birdəfəlik bloklayıb.
Təbii ki, bu siyasət söz azadlığına və sosial şəbəkələrin konsepsiyasına uyğun gəlmir. Sosial şəbəkələrdə istifadəçilər öz düşüncələrini sərbəst şəkildə ifadə edə bilməli və hesablarının məzmununa özləri nəzarət etməlidir.
"Facebook"un bu siyasəti aktual mövzular ətrafında gedən müzakirələrin, demək olar ki, yox olmasına səbəb olub, çünki bloklamalar gözlənilməz və səbəbsiz şəkildə baş verib. Maraqlı məzmun yaradan istifadəçilər isə senzurasız ifadə azadlığı təqdim edən digər platformalara keçməyə başlayıb.
Nəticədə "Facebook" "evdar qadınlar üçün sosial şəbəkə" kimi bir reputasiya qazanaraq yalnız məişət mövzuları, "pişiklər" və yemək reseptləri ilə dolu bir platformaya çevrilib.
Bu vəziyyət "Meta" administrasiyasını narahat etməyə bilməzdi, lakin hakimiyyətdə demokratların olduğu müddətdə onlar solçu siyasətçiləri və hüquq sistemini qəzəbləndirməmək üçün dəyişikliklər etməkdən çəkinib.
Hazırda Zukerberq, sentyabr ayında Trampın Mar-a-Laqo mülkündə olduğu kimi, tamamilə fərqli danışır. O, Bayden administrasiyasının "demokratiyanı qorumaq" bəhanəsi ilə "Facebook"a senzura tətbiq etməyə güclü təzyiq göstərdiyini bəyan edib. Xüsusilə pandemiya dövründə, vaksinlərin yan təsirləri haqqında hətta real məlumatların və zarafatyana memlərin belə silinməsi tələb edilib.
"Facebook" yumoristik məzmunu silməkdən imtina etdikdə, solçu administrasiya şirkəti müxtəlif tənzimləyici orqanlarla sıxışdırmağa başlayıb. Zukerberq deyib ki, hətta Maliyyə İstehlakçılarını Müdafiə Bürosu (CFPB) belə "Facebook"a qarşı araşdırma aparmağa başlayıb, baxmayaraq ki, bu qurum sosial şəbəkələrlə heç bir əlaqəsi olmayan bir təşkilatdır.
Zukerberq platformada artıq həddindən artıq senzuranın olduğunu və bu vəziyyətin Oruell kitablarındakı dünyanı xatırlatdığını etiraf edib. Buna görə də o, "sifarişli fakt yoxlama" siyasətini ləğv etdiklərini bildirib və bu metodun siyasi qərəzli olduğunu vurğulayıb.
Sahibkar milyardçı Tramp haqqında da fikir bildirib. "Düşünürəm ki, o, sadəcə, Amerikanın qalib olmasını istəyir", - deyə o, qeyd edib.
ABŞ prezidenti Co Bayden isə Zukerberqin yeniliklərinə narazılıqla yanaşıb və bunu "çox utancverici adlandırıb. "Doğrunu söyləmək vacibdir. Bu qərarlar Amerikanın dəyərlərinə tamamilə ziddir,” - deyə o, Ağ Evdəki brifinq zamanı qeyd edib.
Bayden həmçinin "milyonçunun nəsə ala biləcəyini və "bu andan etibarən biz heç nəyi yoxlamayacağıq" ideyasının özündən narazılığını ifadə edib.