Dünya
521
16:14, Bu gün

"SEPAH ölkəni bütün düşmənlərdən müdafiə etməyə hazırdır" - Hüseyn Salami

"Həqiqi vəd" əməliyyatları gücümüzün yalnız kiçik bir nümayişi olub..."
 
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salami bəyan edib ki, SEPAH "ölkəni genişmiqyaslı döyüşlər və uzunmüddətli münaqişələr zamanı qorumağa tam hazırdır".
 
Moderator.az xəbər verir ki, bu barədə İranın "Mehr" informasiya agentliyi məlumat yayıb.
 
"Biz illər boyu genişmiqyaslı döyüşlərə və hətta dünyanın böyük gücləri və onların regional nümayəndələri ilə uzunmüddətli qarşıdurmalara hazırlaşmışıq. İran qüvvələrinin əldə etdiyi güc illərlə davam edən gecə-gündüz səylərinin nəticəsidir. Bu güc artıq tanınır. "Həqiqi vəd" əməliyyatları bu gücün yalnız kiçik bir nümayişi olub", – deyə Salami SEPAH-ın aerokosmik qüvvələrinin şəxsi heyəti qarşısında çıxışı zamanı vurğulayıb.
 
O, qeyd edib ki, ölkənin hər yerində raketlərin və raket sistemlərinin sayı "hər gün artır" və İran raketləri "hər gün keyfiyyət, kəmiyyət və texniki göstəricilər baxımından təkmilləşir".
 
"Bu gün siz eyni anda yüzlərlə təyyarəni vurmaq gücünə maliksiniz", - deyə o, SEPAH aerokosmik qüvvələrinin nümayəndələrini əmin edib.
 
Bununla yanaşı, İran ordusunun koordinasiya məsələləri üzrə qərargah rəisi və komandan müavini kontr-admiral Həbibullah Sayyari bildirib ki, yaxın günlərdə İran İslam Respublikasının ordusu yeni strateji avadanlıqlar, o cümlədən min yeni pilotsuz uçuş aparatı (PUA) alacaq.
 
"Bu PUA-ların xüsusiyyətləri arasında yüksək uçuş məsafəsi, yüksək dəqiqlik və böyük dağıdıcı güc var", - deyə Sayyari vurğulayıb və əlavə edib ki, yaxın günlərdə İranın quru qoşunları da yeni avadanlıqlarla təmin olunacaq.
 
Xatırladaq ki, ötən həftə Amerikanın Müharibənin Öyrəniıməsi İnstitutunun (ISW) ekspertləri belə nəticəyə gəlib ki, İran Əsəd rejiminin süqutundan, İsrail Hərbi Hava Qüvvələrinin İranın hava hücumundan müdafiə sistemləri və raket istehsalına endirdiyi zərbələrdən, eləcə də HƏMAS və "Hizbullah"ın məğlubiyyətlərindən sonra özünü getdikcə daha çox həssas hiss edir.
Link kopyalandı!
Son xəbərlər