"Bu tələblər təkcə Ukraynanın təslim olmasına deyil, həm də NATO-nun zəiflədilməsinə yönəlib..."
Rusiya hakimi Vladimir Putin Ukraynanın təcrid olunmasını nəzərdə tutan müharibəöncəki maksimalist tələblərini saxlayır və bu tələblərin Ukraynada müharibənin dayandırılması ilə bağlı Qərb liderləri ilə mümkün danışıqlarda yerinə yetirilməsinə çalışacaq.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) analitiklərinin hesabatında deyilir.
Belə ki, bundan öncə "Financial Times" nəşri öz mənbələrinə istinadən yazıb ki, Putin hər hansı danışıqlarda Ukraynanın NATO-ya üzv olmasına imkan verməmək və NATO-nun Şərqi Avropada qoşun yerləşdirməkdən imtina etməsinə nail olmaq, bununla da Rusiyaya qarşı "təhdidlərin aradan qaldırılmasını" təmin etməklə bağlı müharibədən öncə irəlu sürdüyü tələblərinə sadiq qalacaq.
Qeyd olunur ki, bu, Putinin 2021-ci ilin dekabrında Ukraynaya genişmiqyaslı hücumdan öncə ABŞ-a irəli sürdüyü ultimatumunu xatırladır.
Həmin vaxt Putin NATO-nun Ukrayna və digər ölkələri yeni üzv kimi qəbul etməməsi; ABŞ-ın NATO-nun genişlənməsinə qadağaya əməl etməsi; NATO-nun 1997-ci ilin mayından sonra üzv olan ölkələrdə silahlı qüvvələr yerləşdirməməsi; NATO-nun Ukrayna, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyada hər hansı hərbi fəaliyyətinə qadağa qoyulması; orta mənzilli raketlərin Rusiyanın ərazisinə çatma ehtimalı olan bölgələrdə yerləşdirilməsinə qadağa tələblərini irəli sürüb.
ISW qeyd edir ki, Putin bu narrativi Ukraynaya genişmiqyaslı hücumu əsaslandırmaq üçün istifadə edib və gücləndirib. Analitiklər vurğulayır ki, 2008-ci ildə Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünü vəd edən Buxarest Bəyannaməsi ilə 2022-ci il arasında NATO Şərqi Avropada genişlənmə və ya Ukraynanın NATO-ya gələcək üzvlüyü ilə bağlı əhəmiyyətli addımlar atmayıb.
Putinin 2021-ci ilin dekabrında irəli sürdüyü tələblər Ukraynanın hüdudlarından kənara çıxır və NATO-nun zəiflədilməsinə yönəlib. Kremlin mətbuat katibi Dmitri Peskov yanvarın 10-da rəsmi Moskvanın heç bir "öncədən şərt" olmadan danışıqlara hazır olduğunu bir daha bəyan edib.
Lakin ISW hesab edir ki, Putin müharibədən əvvəlki tələblərinə - Ukraynanın tam təslim olmasl və NATO-nun zəiflədilməsinə sadiq olduğu müddətcə heç bir danışıqlar əhəmiyyətli və ya davamlı sülhə gətirib çıxarmayacaq", - hesabatda deyilir.
Ukrayna və Rusiya arasında danışıqlar
Xəbər verildiyi kimi, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynadakı müharibəyə son qoymaq üçün Putinlə görüşə hazırlaşdığını bəyan edib. Bununla belə, siyasətçi görüşün nə vaxt keçiriləcəyini dəqiqləşdirməyib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi bildirib ki, Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil.