Bakı özünün “Nürnberq prosesi”nə başlayır və 15 erməni hərbi canisi xalqımıza qarşı törətdiyi cinayətləri və hansı qüvvələrdən təlimat aldığını etiraf edəcək - bu səs-küylü məhkəmə işləri Paşinyanın kreslosunu silkələyə, daxildə xaosa səbəb ola bilər
Qondarma “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələrinin üzvlərinin cinayət işi üzrə ilk məhkəmə iclasının tarixi artıq bəllidir - yanvarın 17-si. Araik Arutyunyan da daxil, 15 erməni hərbi cinayətkarın işi üzrə 2548 epizoddan ibarət cinayət işləri Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılacaq.
“Yeni Müsavat” qeyd edir ki, 2 may 2024-cü il tarixdə Azərbaycan baş prokurorunun qərarı ilə 1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Baş Prokurorluğunun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.
Həbs edilənlər Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertiyedir.
Onlar Azərbaycan Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
Həbs edilən şəxslərin hər birinin müdafiə, bildiyi dildən istifadə etmək və digər prosessual hüquqları təmin edilib. Bu maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir. Böyük ehtimalla, erməni hərbi cinayətkarlar məhkəmədə bir sıra etiraflar edəcəklər. Bu mənada Bakıdakı məhkəmə prosesi Ermənistanda ən çox hansı qüvvələri təlaşlandıra bilər? Məhkəmə proseslərində verilənə ifadələrin yaradacağı effekt İrəvanı çalxalaya bilərmi? Paşinyan nə dərəcədə özünə arxayındır? Onu da deyək ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu Bakıda həbsdə olan hərbi cinayətkarların cinayət işi ilə bağlı Ermənistanın aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edib.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, onları olduqca ağır cəza gözləyir: “Qaldırılan maddələrin əksəriyyətində ömürlük azadlıqdan məhrumetmə nəzərdə tutulur. Qanunvericiliyə görə, cəzaların toplanması var. Ona görə də bu şəxslərə ömürlük həbs cəzası verilə bilər. Çünki bu hərbi canilərin cinayətkar əməlləri barədə əlimizdə kifayət qədər dəlil-sübut var. İşğal dövründə onların hərəkətləri barədə o dərəcədə məlumat yox idi. Yəni Xocalı soyqırımı, Başlıbel qətliamı təbii ki, göz qabağındadır. Sadəcə, separatçıların bir çox cinayət əməlləri olub ki, həmin ərazilərə nəzarət etmədiyimiz dövrdə bundan xəbər tuta bilməmişik. İşğala son qoyulandan sonra tutarlı faktlara yiyələnmişik. Bundan əlavə, şahid ifadələri var. Üstəlik, biz bu faciələri 100 il əvvəl yaşamamışıq, yaxın keçmişdir deyə əlimizdə yetərli sübutlar çoxdur”. Hüquqşünas vurğuladı ki, digər tərəfdən, Araik özü törətdiyi cinayəti etiraf edib: “Gəncənin, Bərdənin müharibə dövründə vurulmasını özü əmr edib və bunu video müraciətində açıqlayıb. Vardanyan isə terrorçu dəstələr yaradılmasına maliyyə ayırmışdı. Digər şəxslər də Azərbaycan ərazisində özlərini qondarma respublikanın vəzifəli şəxsləri hesab ediblər, bu da qanunsuz hakimiyyət qurmaqdır. Habelə, işğal dövründə sərvətlərimiz talan olunub və bu da məhkəmə prosesində araşdırılacaq. Ümumiyyətlə, bu işin 2500-dən çox epizodu var və məhkəmə istintaqı zamanı bir sıra reallıqlar üzə çıxacaq. Onların 1 il, 3 ay istintaqı aparılıb ki, bu da əlimizdə kifayət qədər dəlil-sübut olması deməkdir. Düzdür, şahidlərin istintaqda dindirilməsi zamanı nələr açıqlandığını deyə bilmərik, istintaq dövrünə aiddir, amma məhkəmədə şahidlərin dindirilməsi zamanı yerli və beynəlxalq ictimaiyyət həqiqətləri öyrənəcək. Bəzi proseslərin qapalı olması da mümkündür, amma açıq məhkəmələrdə şahid ifadələri dünyanın diqqətinə çatdırılacaq. Ona görə rezonans doğuracaq bir məhkəmə prosesinə şahidlik edəcəyik”.
Siyasi şərhçi əlavə etdi ki, bu işə siyasi don geyindirmək istəyən qüvvələr indi də var: “Həmin beynəlxalq hüquq-müdafiə təşkilatları əsassız olaraq terrorçuları siyasi məhbus adlandırırlar. Amma onların cəhdlər uğursuzluğa düçar olub. Sadəcə, erməni xislətini nəzərə almalıyıq. Yəni onlar çətinə düşəndə tülkü sifətinə girirlər. Bu adamlar ağır cinayətlər törədiblər. Ermənistan isə bəyan edirdi ki, bu separatçıların öz fəaliyyətidir, İrəvanla guya əlaqələri yoxdur. Lakin biz yaxşı bilirik ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi separatçıları himayə edib, maliyyələşdirib. Paşinyanın işğal dövründə Şuşaya gəlməsi, yallı getməsi göstərir ki, Ermənistan rəhbərliyi separatçı liderlərlə yaxın olub, İrəvandan verilən tapşırıq əsasında cinayətkar fəaliyyətlərini davam etdiriblər. Ancaq biz bunu iddia edirik, gərək həbsdəki separatçılar özləri məhkəmədə etiraf etsinlər ki, Ermənistandan hansı tapşırıqlar alıblar. Çünki işğal dövründə Araik dəfələrlə İrəvana gedərək Paşinyanla görüşüb. Həmin görüşlərdə hansı müzakirələr aparılıb, Qarabağ separatçısı İrəvandan hansı göstərişlər alıb, bunları məhkəmədə etiraf etməlidirlər. İnanıram ki, istintaqla əməkdaşlıq edərək həqiqətləri açıqlayıblar. Əsas budur ki, öz dillərindən bu ifadələr çıxmalıdır”.
X.Bəşirov söylədi ki, bütün hallarda, çox böyük bir proses olacaq: “Bu da verilən ifadələr səbəbindən Ermənistan daxilində xaotik proseslərin əsasını qoya və erməni ictimaiyyətində böyük hiddət doğura bilər. Unutmayaq ki, Paşinyan hələ də erməni cəmiyyətində bütün daşları yerinə oturda bilməyib, öz iqtidarını qorumağa çalışır, xalq ona da güvənmir, sadəcə, alternativ görmür. Belə şəraitdə erməni cəmiyyəti bu məhkəməni səbirsizliklə gözləyir və separatçıların ifadələri Ermənistanı silkələyə, Paşinyan hakimiyyəti üçün ciddi problemlər yarada bilər”.