"Livan torpağında sabitlik və birlik sionist düşmənin tamahkarlığını məğlub edəcək..."
İran prezidenti Məsud Pezeşkian Livanın yeni seçilmiş prezidenti Cozef Auna təbrik göndərib. Bu təbrikdə "İsrailə mesaj" olduğu bildirilir.
Moderator.az xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat verib. Məlumatı "parstoday.ir" nəşri yayıb.
"Şübhə yoxdur ki, sabitlik və birlik Livan torpağında sionist düşmənin tamahkarlığını məğlub edəcək", - deyə İran prezidenti bəyan edib.
Bundan öncə İran İslam Respublikasının Xarici İşlər Nazirliyi də Livanın yeni prezidentini salamlayıb və iki ölkə arasındakı "ümumi maraqları" vurğulayıb.
Nazirliyin rəsmi nümayəndəsi İsmayıl Bakayi ümid etdiyini bildirib ki, Aun Livanın "birliyi və daxili həmrəyliyini gücləndirəcək, onun tərəqqisi və inkişafı üçün yol açacaq", eləcə də Livanın İsrail rejiminin qəddar hücumlarının vurduğu ziyanı aradan qaldırmasına və sionist təhdidlərdən ərazi bütövlüyünü qorumasına kömək edəcək.
Qeyd edək ki, dünən Livan parlamenti ölkənin növbəti prezidenti ilə bağlı səsvermənin nəticələrini açıqlayıb. Parlament üzvləri 13-cü cəhddə razılığa gələrək yeni dövlət başçısını seçə bilib. Bu şəxs Livan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, 60 yaşlı Cozef Aun olub.
Bu, Livan Konstitusiyasının 49-cu maddəsinə zidd olaraq baş verib, çünki bu maddə dövlət qulluqçularının vəzifə müddəti ərzində prezident seçilməsini qadağan edir. Buna baxmayaraq, Aunun namizədliyini ABŞ, Fransa, Səudiyyə Ərəbistanı, Misir və Qətər dəstəkləyib.
Prezident kimi parlament qarşısında ilk çıxışı zamanı Aun bildirib ki, onun əsas prioritetlərindən biri dövlətin silah üzərində müstəsna hüququnu təmin etməkdir. Bir çoxları bu sözləri İran tərəfindən dəstəklənən "Hizbullah" qruplaşmasının hərbi arsenalına işarə kimi qəbul edib.
Eyni zamanda, bu, İranın Livana təsirinin zəifləməsinin göstəricisi kimi də qiymətləndirilib. Aun həmçinin cənubi Livanı və İsrail tərəfindən dağıdıldığını iddia etdiyi digər əraziləri bərpa edəcəyinə və İsrailin ölkəyə qarşı gələcək hücumlarının qarşısını alacağına söz verib.