Suriyada Qərbin diplomatik oyunu: Bölgədə yeni güc mübarizələri
Dünya
697
10 Jan 2025 | 18:20

Suriyada Qərbin diplomatik oyunu: Bölgədə yeni güc mübarizələri

“Qərbin Türkiyə ilə birbaşa müharibəyə girmə ehtimalı, mövcud strateji prioritetlər və diplomatik əlaqələr nəzərə alındıqda çox da  mümkün görünmür. Lakin bölgədəki maraqların toqquşması gərginliyi artırmaq potensialına malikdir. Buna misal olaraq, Türkiyənin Suriyanın şimalında terror təşkilatlarına qarşı əməliyyatlar keçirməsi və həmin təşkilatların Qərb tərəfindən İŞİD-ə qarşı dəstəklənməsi göstərilə bilər. Bu vəziyyət diplomatik gərginliyə səbəb olsa da, birbaşa müharibə ehtimalını azaldan amillər də mövcuddur”
 
Bunu Moderator.az-a türkiyəli politoloq Yeşim Demir  deyib.
 
Yeşim Demirin sözlərinə görə, Avropada bəzi ölkələrin 2025-ci ildə seçki prosesinə daxil olması ilə "miqrasiya böhranı" və "enerji təhlükəsizliyi" əsas gündəm məsələləri halına gəlib:
“Miqrasiya böhranı, 2011-ci ildən bəri Qərbin daxili sabitliyinə təsir edən mühüm bir problem kimi ön plana çıxır. Qərb, Suriyalı qaçqınların öz ölkələrinə qayıtması üçün səylər göstərərkən, yeni miqrasiya dalğalarının öz sərhədlərinə çatmasının qarşısını almağı hədəfləyir. Bu çərçivədə, on beş ildir qaçqınlara ev sahibliyi edən Türkiyənin bu məsuliyyəti daşımasını gözləyir. Digər tərəfdən, Ukrayna müharibəsi səbəbindən Rusiya qazının Avropaya ötürülməsində yaranan böhran, Türkiyəni enerji transferində mühüm bir ölkəyə çevirib. Bu vəziyyət, regionun sabitliyini Qərb üçün həyati prioritet halına gətirib”.
 
Türkiyəli politoloq əlavə edib ki, Donald Trampın hakimiyyətə gəlməsi ilə İsrailin bölgədəki təsirinin İbrahim razılaşma  (İsrail ilə bəzi Ərəb ölkələri arasında münasibətlərin normallaşdırılmasını təmin edən mühüm diplomatik razılaşmadır) sayəsində daha da artacağı və bunu  imzalayan Ərəb dövlətlərinin ABŞ-ın siyasətlərinə uyğunlaşacağı proqnozlaşdırılır:
“Trampın “Bu, bizim müharibəmiz deyil, müdaxilə etməməliyik” və “ABŞ-ı daha çox Yaxın Şərq müharibələrinə daxil etməyəcəyik” ifadələri, ABŞ-ın birbaşa hərbi müdaxilələrdən çəkinməyə meyilli olduğunu göstərir. Bununla belə, ABŞ-ın İŞİD-in yenidən dirçəlməsinin qarşısını almaq, İran və Rusiyanın təsirini zəiflətmək, İsrailin təhlükəsizliyini təmin etmək və Körfəz dövlətlərinin maraqlarını qorumaq kimi strateji hədəflərindən geri çəkilməyəcəyi aydın olur. ABŞ-ın Suriyadakı mövcudluğunu məhdud saxlamaq və birbaşa qarşıdurmalardan qaçmaq siyasəti böyük miqyaslı gərginlik riskini azaldır. Lakin ABŞ-ın hərbi fəaliyyətləri və ya yeni sanksiya siyasətləri kimi addımları bölgədə müxtəlif güclər arasında gərginliyi artıra bilər. Xüsusilə İran və Rusiya ilə mümkün toqquşmalar, həmçinin ABŞ-ın Türkiyənin milli təhlükəsizlik narahatlıqlarını artıran YPG kimi qruplara dəstəyi regional gərginliyə səbəb olar və bölgəni daha qeyri-sabit vəziyyətə sala bilər”.
 
Türkiyəli politoloq diqqətə çatdırıb ki,Suriyadakı mövcud müvəqqəti idarəetmənin səlahiyyət çatışmazlığı ölkədə güc boşluğu yaradıb:
 “Bu vəziyyət bölgədəki bütün qüvvələr tərəfindən müşahidə olunub və gələcəkdə bu boşluğu doldurmaq istiqamətində planların sürətləndirildiyi görünür. Qərb,  Suriyada vətəndaş müharibəsi dövründə  Əsədin hakimiyyətdən uzaqlaşdırılmasını dəstəkləyərək müxalif qruplara yardım etmişdir. Lakin Əsədin devrilməsi ilə Qərb hazırlıqsız vəziyyətdə qalmış və ehtiyatlı mesajlar verməyə başlamışdır. Suriyanın yeni rəhbərliyi ilə yaxşı münasibətlər qurmağa yönəlmiş səylər Qərbin strateji maraqları ilə bağlıdır. Bu maraqlar İran və Rusiyanın təsirinin məhdudlaşdırılması, İsrailin təhlükəsizliyinin təmin edilməsi, qaçqın probleminin həlli və enerji təhlükəsizliyi kimi məsələləri əhatə edir. Bu çərçivədə, qadın hüquqları və azlıqların hüquqlarının təmin olunması şərti ilə Qərb ölkələri dəstək açıqlamaları verməyə başlamışdır. Orta Şərqdəki güc balansını kökündən dəyişən Suriyadakı hadisələr, Qərbin bölgədəki digər güclərlə əməkdaşlıq etməsini zəruri edən vəziyyəti yaratmışdır. Suriyadakı qeyri-sabitlik səbəbindən yeni bir miqrasiya dalğası riski Qərbin müvəqqəti rəhbərliklə diplomatik əlaqələrini davam etdirməsinə səbəb olur. Ancaq tətbiq edilən sanksiyaların tamamilə aradan qaldırılmasının zaman alacağı bəllidir”.
 
“İŞİD və Əl-Qaidə ilə əlaqəsi səbəbindən Heyət Təhrir Əş-Şam (HTƏŞ) terror təşkilatı kimi elan edilmişdir. Ahmət Əl-Şaranın (Golani) rəhbərlik etdiyi qrupların Suriyanın yeni rəhbərliyi üçün iqtisadi, siyasi və təhlükəsizlik baxımından təhlükə yarada biləcəyi ehtimalı Qərb üçün əsas narahatlıq mənbəyi olaraq qalır. Suriyanın geosiyasi əhəmiyyəti, Qərb güclərini Orta Şərq, Afrika və Şərqi Aralıq dənizi bölgəsində yeni strateji mübarizələrlə üz-üzə qoymuşdur. 7 oktyabr 2023-cü ildə Həmasın İsrailə hücumu ilə başlayan proses, Suriyada Beşər Əsədin devrilməsi ilə daha mürəkkəbləşib. Beləliklə, bölgədəki hadisələrin proqnozlaşdırılması çətin olduğu üçün bütün mümkün ssenarilərə qarşı hazırlıqlı olmaq zəruridir”,- deyə Yeşim Demir şərh edib.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər