Bizi sosial şəbəkələrdən izləyin:
"Son illərdə Ermənistanla Avropa İttifaqı arasında kifayət qədər intensiv və dinamik münasibətlər formalaşıb..."
Ermənistan hökuməti ölkənin Avropa İttifaqına qoşulması ilə bağlı qanun layihəsini təsdiqləyib.
Moderator.az xəbər verir ki, bu barədə "Azadlıq Radiosunun" Ermənistan xidməti məlumat yayıb.
Qanun layihəsini təqdim edən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Avropa İttifaqı dəfələrlə Ermənistan demokratiyasını dəstəklədiyini, onun ətrafında təhlükəsizliyi təmin etməkdə iştirak etdiyini və ölkənin iqtisadi dayanıqlığını dəstəkləyəcəyinə söz verdiyini ifadə edib.
Onun sözlərinə görə, son illərdə Ermənistan ilə Avropa İttifaqı arasında "kifayət qədər intensiv və dinamik münasibətlər" formalaşıb.
Ermənistanın baş naziri Nikol Paşinyan isə vurğulayıb ki, qanun layihəsinin qəbul edilməsi Ermənistanın Avropa İttifaqına üzv olması anlamına gəlmir. O, izah edib ki, əvvəlcə Avropa İttifaqı ilə yol xəritəsi müzakirə edilməli və Ermənistan Konstitusiyasının tələb etdiyi kimi referendum keçirilməlidir. İndi sənəd parlamentin müzakirəsinə təqdim olunacaq.
Qanun layihəsi 2024-cü ilin payızında Avropa İttifaqına inteqrasiya ilə bağlı Ermənistanda referendum keçirilməsi üçün Mərkəzi Seçki Komissiyasına 60 mindən çox imza təqdim edən parlamentdə təmsil olunmayan "Demokratik Güclər Platforması" tərəfindən təklif olunub.
Təxminən bir il əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan ölkənin Avropa İttifaqına üzvlüyü barədə düşünməyin vaxtı çatdığını bildirib. Daha sonra Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin Avropa İttifaqına üzvlük üçün müraciət etmək imkanını nəzərdən keçirdiyini təsdiqləyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın artıq Avrasiya İqtisadi İttifaqına üzv olduğunu və bunun ölkəyə "çox müsbət dividendlər" verdiyini xatırladıb. Peskovun fikrincə, "nəzəri baxımdan danışsaq, iki fərqli təşkilatın üzvü olmaq mümkün deyil".