Dünya
1266
08 Jan 2025 | 22:45

"Facebook" və "Instagram" platformalarında senzura ləğv ediləcək" - Mark Zukerberq

"Biz artıq çox səhvlərə yol vermişik və senzura həddinə çatmışıq..."
 
Mark Zukerberq bildirib ki, "Facebook", "Instagram" və "Threads" platformalarında istifadəçi məzmununun ciddi moderasiyası artıq dayandırılacaq və Avropanı "senzuranın institusionalizasiyası"nda ittiham edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
"Meta Platforms Inc." şirkətinin rəhbəri Mark Zukerberq yanvarın 7-də çərşənbə axşamı yayımladığı videomüraciətində sosial şəbəkələrdə senzuranın mövcud olduğunu təsdiq edib və məzmun moderasiyasını xeyli zəiflətməyi elan edib.
 
"Facebook" və "İnstagram" senzuradan imtina edir...
 
Hazırda "Meta" qrupuna aid sosial şəbəkələrdə faktların yoxlanılması sistemi fəaliyyət göstərir. "Facebook"-un veb-saytında qeyd edilir ki, bunu "Beynəlxalq Fakt-Yoxlama Şəbəkəsi və ya Avropa Fakt-Yoxlama Şəbəkəsi tərəfindən sertifikatlaşdırılmış müstəqil üçüncü tərəf təşkilatlar" həyata keçirir.
 
Zukerberq bu sistemi ləğv etdiyini elan edib və bildirib ki, bu sistem senzura həddinə çatıb. Əvəzində o, istifadəçilərin özləri tərəfindən məzmunla bağlı şikayətlərin və düzəlişlərin edildiyi, İlon Maskın "X" sosial şəbəkəsində tətbiq olunan "Community Notes" (“Cəmiyyət Qeydləri”) sistemini tətbiq edir. O, açıq şəkildə bu yeni sistemin "X" sosial şəbəkəsinə bənzəyəcəyini deyib.
 
"2016-cı ildə Tramp prezident seçildikdən sonra ənənəvi media fasiləsiz şəkildə dezinformasiyanın demokratiyaya təhlükə olduğunu yazıb. Biz bu problemləri həll etməyə çalışdıq, amma fakt-yoxlayıcılar həddindən artıq siyasi qərəzli oldular və ABŞ-da daha çox etimadsızlıq yaratdılar", - deyə Zukerberq etiraf edib.
 
"Senzuranı əhəmiyyətli dərəcədə azaldacağıq..."
 
"Facebook" və "Instagram"-da fikirlərin sərbəst ifadəsi prinsiplərinə qayıtmaq vaxtıdır", - "Meta" rəhbəri bildirib. Onun sözlərinə görə, hökumətlər və ənənəvi media senzura tətbiqinə daha çox meyl edir.
 
"Biz məzmunun moderasiyası üçün çoxsaylı kompleks sistemlər yaratdıq. Amma bu sistemlər də səhvlər edir. Əgər bu sistemlər təsadüfən bir faiz məzmunu senzura etsələr belə, bu milyonlarla istifadəçiyə təsir edir. Biz artıq çox səhvlərə yol vermişik və senzura həddinə çatmışıq", - deyə o əlavə edib.
 
Bundan sonra "Facebook", "Instagram" və "Threads" platformalarında məzmun tənzimləmə siyasəti sadələşdiriləcək. Əsas diqqət yalnız ciddi qayda pozuntularına yönələcək, xırda pozuntular isə istifadəçilərin öhdəsinə buraxılacaq.
 
Zukerberq Avropanı tənqid edir
 
Zukerberq çıxışının sonunda senzura ilə mübarizəni Avropa da daxil olmaqla digər ölkələrdə davam etdirəcəyini bildirib.
 
"Biz prezident Tramp ilə birgə senzuranı təşviq edən hökumətlərə qarşı çalışacağıq. ABŞ söz azadlığını ən yaxşı qoruyan ölkədir. Avropa isə senzuranı institusionalizasiyaya yönələn qanunları ən çox qəbul edən ölkədir", - deyə o, vurğulayıb.
 
İlon Maskın reaksiyası
 
"Bu əladır", - deyə İlon Mask Zukerberqin çıxışına şərh verib. O, həmçinin "Meta" rəhbərinin senzura ilə mübarizədə onun yolunu izlədiyini bildirən bir istifadəçinin fikrini dəstəkləyib.
Link kopyalandı!
Son xəbərlər