Dünya
1362
08 Jan 2025 | 21:27

"Livanda atəşkəs təhlükə altındadır, münaqişə yenidən alovlana bilər" - "The Wall Street Journal"

"Livan BMT Təhlükəsizlik Şurasına İsrailin atəşkəs müddətində qurudan və havadan minədək zərbə endirməsindən rəsmi şikayət edib..."
 
Keçən ilin noyabrın 27-də  qüvvəyə minən Livanda atəşkəs razılaşması pozulmaq təhlükəsi ilə üz-üzədir. İsrail və Livan atəşkəs şərtlərini pozmaqda bir-birini ittiham edir ki, bu da beynəlxalq ictimaiyyətdə münaqişənin yenidən alovlanması ilə bağlı narahatlıq yaradır.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
 
Nəşrin məlumatına görə, gərginliyin artmasında əsas rol "Hizbullah" qruplaşmasının fəaliyyətinə aiddir. İsrailin iddiasına görə, bu qruplaşma razılaşma şərtlərinə əsasən Litani çayının o biri tərəfinə çəkilməyib.
 
İsrail ordusu mütəmadi olaraq Livan ərazisindəki obyektlərə zərbələr endirir və "Hizbullah" döyüşçülərinin pozuntularını qeydə alır. İsrailin müdafiə naziri İsrael Katsa bildirib ki, "Hizbullah" atəşkəs şərtlərinə məhəl qoymasa, İsrail Ordusu öz fəaliyyətini genişləndirəcək. İsrail həmçinin Livan ordusunun sərhəd bölgələrində vəziyyəti nəzarətdə saxlaya bilməməsindən və "Hizbullah"ın infrastrukturunun bərpasına mane ola bilməməsindən narahatdır.
 
Digər tərəfdən, Livan atəşkəsin qüvvəyə minməsindən bu yana İsrailin qurudan və havadan təxminən minədək zərbə endirdiyini iddia edərək BMT Təhlükəsizlik Şurasına rəsmi şikayət edib. Beyrut İsraili razılaşmanı qəsdən pozmaqda və münaqişəni gərginləşdirməkdə günahlandırır. Livan rəsmiləri vurğulayıb ki, bu cür hərəkətlər yalnız müqaviləni pozmur, həm də sərhəd bölgələrində mülki əhaliyə təhlükə yaradır.
 
Vəziyyət razılaşma şərtlərinə əməl edilməsi üçün müəyyən edilmiş 60 günlük müddətin başa çatması ilə daha da mürəkkəbləşir. ABŞ, tərəflər arasında vasitəçi rolunu oynayaraq hərbi əməliyyatların yenidən başlanmasının qarşısını almaq üçün fəal şəkildə çalışır. Amerikalı diplomatlar Livanı və İsraili razılaşmalara əməl etməyə inandırmağa çalışır ki, regionda yeni zorakılıq dalğasından qaçmaq mümkün olsun.
 
Bu arada isə Səudiyyə Ərəbistanının "Aş-Şərq əl-Avsat" qəzeti yazır ki, ABŞ-ın xüsusi elçisi Amos Xoxşteyn Livan parlament üzvlərinə bildirib: "İsrail  yanvarın 27-də atəşkəs bitdikdən sonra "mavi xəttə" çəkiləcək." Xoxşteyn qeyd edib ki, razılaşma Livanın bütün ərazisini əhatə edir və heç bir istisna yoxdur.
 
Xoxşteynin sözlərinə görə, razılaşma yalnız dövlətin silahlı qüvvələrinin Livanda mövcud olmasını nəzərdə tutur. O, vurğulayıb ki, nə partiyaların, nə də silahlı dəstələrin silah saxlamasına icazə veriləcək. "Razılaşma şərtlərinin yalnız Litani çayının cənubundakı bölgələrə aid olduğu barədə qeyri-müəyyənlik yolverilməzdir. Bu, müqavilə mətninə ziddir", – deyə o, əlavə edib.
 
Xoxşteyn həmçinin bildirib ki, "Hizbullah"ın silahları, hərbi obyektləri və tunelləri ya Livan ordusunun nəzarətinə keçməli, ya da məhv edilməlidir.
 
Analitiklər vəziyyətin son dərəcə gərgin olduğunu düşünür. Razılaşmanın hər hansı bir pozulması və ya yerinə yetirilməsində gecikmə münaqişənin yenidən alovlanmasına səbəb ola bilər.
Link kopyalandı!
Son xəbərlər