"USQ-nin Kursk vilayətindəki əməliyyatları 140-150 min rusiyalı əsgərin Ukrayna cəbhəsindən çıxarılmasına səbəb olub..."
Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiya Silahlı Qüvvələrinə məxsus 810-cu Dəniz Piyada Briqadasının Belaya yaşayış məntəqəsi rayonunda komanda qərargahına dəqiq zərbə endirib.
Moderator.az xəbər verir ki, bu barədə USQ Baş Qərargahı məlumat verib. Məlumatı "nv.ua" nəşri yayıb.
Məlumatda deyilir ki, 2025-ci il yanvarın 7-də USQ-nin bu zərbəsi Ukrayna Müdafiə Qüvvələrinin Rusiya ərazisində apardığı hərbi əməliyyatların ayrılmaz
hissəsi kimi qiymətləndirilib.
Qeyd edilir ki, Ukrayna Silahlı Qüvvələri Ukrayna vətəndaşlarının təhlükəsizliyinə təhdid yaradan Rusiya silahlı birləşmələrinin məhv edilməsi üçün bütün mövcud vasitələrdən istifadə edəcək.
Xəbər verildiyi kimi, yanvarın 5-də Ukrayna ordusu yenidən Rusiyanın Kursk vilayətində bir neçə istiqamətdə hücuma keçib. Bu hücumdan əvvəl USQ-nin Kursk vilayətindəki Lqov şəhərində yerləşən 810-cu Dəniz Piyada Briqadasının idarəetmə məntəqəsinə zərbə endirdiyi barədə məlumat yayılıb. Həmin zərbə nəticəsində Rusiya ordusu zabit heyəti arasında itkilər verib.
Həmçinin USQ-nin Kursk vilayətinin Maryino kəndindəki Rusiya ordusunun qərargahına zərbə endirdiyi qeyd olunub. Məlumata görə, bu hücumlar nəticəsində Rusiya Silahlı Qüvvələrinin iki polkovnik-leytenantı- Valeriy Tereşenko və Pavel Maletski məhv edilib.
USQ-nin Kursk vilayətindəki əməliyyatları artıq Ukrayna cəbhəsindən 140-150 min Rusiya əsgərinin çıxarılmasına səbəb olub. Bu barədə "Pravoe Delo" təşkilatının həmsədri Dmitri Sneqiryov bildirib.
Eyni zamanda "Der Spiegel" nəşri yazır ki, USQ Kursk vilayətindəki hücumlara ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən iki həftə əvvəl başlayıb və bu gözlənilməz hücum Rusiyanın zəif tərəflərini üzə çıxara bilər.
Ukrayna Prezident Ofisi isə Kursk vilayətində aparılan hücumları şərh edərək bildirib ki, bu ərazi resurs kimi qəbul edilməlidir. "Bu, bizim resursumuzdur. Kursk vilayətinin ərazilərini Ukraynanın hazırda Rusiya tərəfindən işğal edilmiş torpaqları ilə dəyişmək üçün istifadə edə bilərik," - bunu prezident Ofisi rəhbərinin müşaviri Sergey Leşşenko bildirib.