Kanada Vətəndaşlıq İnstitutunun (The Institute for Canadian Citizenship) və Kanada Konfrans Şurasının hesabatında deyilir ki, ölkəyə gələn hər beş immiqrantdan biri 25 il ərzində ölkəni tərk edir və bu insanların təxminən üçdə biri ilk beş il ərzində köçür.
Princegeorgecitizen.com saytının yazdığına görə, köçənlərin arasında ixtisaslı kadrlar sayına görə birinci yerdədir, ölkəyə qaçqın kimi gələnlər isə bu siyahıda sonuncu yerdədir. Kanadanı tərk edənlərin bir çoxu öz doğma vətənlərinə, digərləri isə başqa ölkələrə köç edirlər.
Kanada Vətəndaşlıq İnstitutunun rəhbəri Daniel Bernhardın sözlərinə görə, ən çox köç edənlər Kanada hökumətinin daha çox üstünlük verdiyi immiqrantlar – ixtisaslı kadrlar (iqtisadi immiqrantlar) və frankafonlardır.
Statistikaya görə, Toronto, Montreal və Vankuverdə məskunlaşanlar arasında ölkəni tərk edənlər çoxluq təşkil edir. Kalqari, Halifaks və Monkton kimi kiçik şəhərlər isə əsasən immiqrantların ömürlük məskunlaşdığı yerə çevrilir.
Məlumata görə, 2020-ci ildə Kanadadan köç edən immiqrantların sayı ölkə tarixində ən pik həddə çatıb. Pandemiya səbəbindən qoyulan ciddi səyahət məhdudiyyətlərinə baxmayaraq, immiqrantlar yol tapıb ölkəni tərk ediblər. Pandemiyadan sonra geri qayıtmaq imkanları olsa da, bu seçimi gözdən keçirməyiblər.
Qeyd edək ki, hesabat 2020-ci ilin sonuna qədər toplanmış məlumatlar əsasında hazırlanıb.